Rəşad Sadıqov: "Klublara qarşı ikili standartlar var"

Rəşad Sadıqov: "Klublara qarşı ikili standartlar var" "Maraqlı oyun oldu. Xüsusilə, ikinci hissə yaxşı alındı. Hava şəraiti ilk yarıda tempə təsir edirdi".
Futbol
22 Avqust , 2021 20:57
Rəşad Sadıqov: Klublara qarşı ikili standartlar var

"Maraqlı oyun oldu. Xüsusilə, ikinci hissə yaxşı alındı. Hava şəraiti ilk yarıda tempə təsir edirdi".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komandası üçün oyun pis getmirdi: "Rəqibin səhvini gözləyirdik. Oyunu bərabərləşdirdiyimiz anda o cür qol buraxmağımız komandaya pis təsir etdi. Ancaq oyundan qopmadıq. Əks-hücumdan qol buraxdıq. Bununla belə, mübarizə apardıq. Fərqi azaltdıq, amma vaxt yetmədi. “Neftçi”ni təbrik edirəm".

O, yarımmüdafiə xəttində problemlərinin olduğunu söyləyib: "Hacıağa Hacılı və Stoilov zədəli idi. Mövsümdən öncə hazırlaşdığımız orta xətt yox idi. Bu, həmişə belə olub, matçlara itkilərlə çıxırdıq. Amma heç vaxt rəqibin baş məşqçisinə belə sualalr verilmirdi. Mən istərdim ki, “Neftçi” tam heyətlə oynasın. Belədə, rəqibin oyununu oxumaq asan olur. Samir Abasovdan rotasiya gözləyirdik. Lakin “Qarabağ”, “Neftçi”nin əvəzedici oyunçuları belə, kifayət qədər keyfiyyətlidir. Ramin Əhmədovu bu gün Romen Bask və Mamadu Kanedən yaxşı görürüksə, lap yaxşı. Buna qədər onu görən yox idi, mən görmüşəm. Məcburiyyətdən Qismət Alıyevi mərkəzdə oynadırdıq. Əlimdə tam heyət yoxdur. Daha çox gənc oyunçular idi. Düşünürəm ki, yaxın gələcəkdə istədiyim geniş heyəti qura biləcək, seleksiyanın bəhrəsini görəcəyəm. Vaxt da azdır. Bunlar da futbolun bir hissəsidir. Yeni transferlər olsa lap yaxşı, olmasa da işimizə davam edəcəyik".

Sadıqovun sözlərinə görə, püşkatmadan somra oyun planında dəyişiklik ediblər: "Tam fərqli hazırlaşırdıq. İlk turlarda favorit komandalarla düşməyimiz təsir etdi. Onlar daha uzun müddət hazırlaşa bilmişdilər. Bunları nəzərə alıb dəyişikliklərə getdik. Cəlal Hüseynoiv perspektivli oyunçudu. Bəzi məqamları düzəltməlidir. Mən həssas, hər şeyə diqqət edən insanam. Hansı istəklə məşq edirdisə, elə də davam etməlidir".

Baş məşqçi hakim qərarlarından narazılıq edib: "Gənc məşqçiyəm. Bir il içində hakim səhvlərindən bezmişəm. Bu, tək bizim oyunlarla bağlı deyil. Bununla bağlı 1-2 saatlı prezentasiya edə bilərəm. Nə qədər belə davam edəcək, bilmirəm. İstəmərəm ki, xeyrimizə səhv olsun. İstəyirəm, ədalətli hakimlik olsun. Çox ikili standartlar var. Peşəm məşqçilik olmasaydı, bununla bağlı geniş prezentasiya edərdim. Futbolçular əziyyət çəkir. Digər oyunlardakı epizodlara da baxırsan, fikirləşirsən ki, mən bu işi görüm, ya yox. Mövsümdən əvvəl də bu fikirlərimiz var idi. Frits Ştuxlik kimi heç vaxt danışmayan adam ötən mövsüm kubokdakı penalti epizodunu şərh etmişdi. Onda bütün epizodları şərh etsin. Çox danışmaq istəmirəm".

Mütəxəssis qış fasiləsindən sonra VAR sisteminin tətbiq olunacağına da münasibət bildirib: "Bunun səhvləri aradan qaldırıb-qaldırmayacağını bilmirəm. Çünki şərh edəndə elə sözlər deyilir ki, VAR-a baxanda da belə danışa bilərlər. Mübahisəli epizodlara müxtəlif cür şərh vermək olar. Azərbaycan futbolunda iki eyni epizod göstərərəm, birində penalti verilib, digərində yox. VAR yaranandan sonra nə baş verəcəyini zaman göstərəcək. Oturub VAR-ı gözləmək də düzgün deyil. Ona qədər ziyanımıza qərarlar olmalıdır? Bununla qəti razı deyiləm".

Son xəbərlər

Orphus sistemi