“Real” “Malyorka”nı məğlub edərək İspaniya Superkubokunun finalına yüksəlib
- 09 yanvar, 2025
- 22:02
“Real” İspaniya Superkubokunun yarımfinal matçında “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, qarşılaşma Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilib.
“Los Blankos”un heyətində Cud Bellinqem (63), Rodriqo (90+5), “adalılar”ın futbolçusu Martin Valent isə öz qapısına qol vurub (90+3).
Final matçında “Real” digər yarımfinalda Bilbao “Atletik”ini 2:0 hesabı ilə yenən “Barselona” ilə qarşılaşacaq. Həlledici görüş yanvarın 12-də Ciddədə keçiriləcək.
İspaniya Superkuboku 1982-ci ildən təşkil olunur. 2019/2020 mövsümündə ənənəvi format İspaniya çempionu, İspaniya Kubokunun sahibi, ölkə vitse-çempionu və kubokun finalçısı olmaqla 4 komandanın iştirakı ilə mini-turnirə dəyişdirilib. “Barselona” Superkuboku 14 dəfə qazanıb və bu göstəriciyə görə birincidir. Kubokun son sahibi 2024-cü ilin yanvarında “Barselona”nı 4:1 hesabı ilə məğlub edən “Real”dır.