Braziliyanın “Palmeyras” klubunun futbolçusu Endrik İspaniya təmsilçisi “Real”a transfer olunacaq.
“Report” xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, klublar arasında müqavilənin detalları artıq razılaşdırılıb. 16 yaşlı hücumçunun keçidi “kral klubu”na 70 milyon avroya başa gələcək. Həmçinin Endrikin də “Real”la danışığı müsbət yekunlaşıb. Hazırda sənədləşmə işləri aparılır.
İspanlar tezliklə bu transferi açıqlamağı planlaşdırırlar. Ancaq gənc oyunçu yeni komandasına 2024-cü ilin yayında, 18 yaşı tamam olanda yollanacaq. Həmin vaxta qədər isə icarə əsasında “Palmeyras”ın formasını geyinəcək.
Qeyd edək ki, Braziliyanın U-16 yığmasının şərəfini qoruyan Endrik “Çelsi” və PSJ-nin də maraq dairəsində olub.