"Azarkeşlərə ürəkdən təşəkkür edirəm. Çox möhtəşəm ab-hava var idi. Bu gün çatışmayan bir qol idi. Çox sürətli və dinamik komandaya qarşı oynadıq. İlk hissənin 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişatında bəzi dəyişikliklər etdik və rəqibə istəyi kimi oynamaq fürsəti vermədik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram. Hər futbolçumuz əziyyət çəkməlidir".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis qələbə qazanmağı çox istədiklərini bildirib: "Qarşıdakı görüşlərdə buna nail olacağımıza inanıram. Futbolçularda yorğunluq hiss etmədim və bu səbəbdən iki dəyişikliklə kifayətləndim. Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər. Bu, məni qane edirdi. Oyunçular bir-birilərini yaxşı anlayırdılar. Onların 90 dəqiqə oynamağa gücləri çatdı. Futbolçulardan razı qaldım. Belə oyunlarda qol vurmaq üçün həddindən artıq istəkli oluruq. Bəzən qapıçının yaxşı oyunu buna mane olur".
Qurbanov "növbəti dəfə hücumçu transferi etmək istəyirsinizmi" sualına belə cavab verib: "Bu, mənə ən çox verilən sualdır. Rəqib "Neftçi" ilə oyuna baxıb və İbrahima Vadjiyə qarşı xüsusi diqqət ayırdı. Komandamda hücumçulardan başqa digər oyunçular bombardir olsa, buna təəccüblənmərəm. Hazırda transfer dönəmi bitib. Ən azı yanvaradək gözləyəcəyik. Bu gün komandamdakı hər futbolçudan razıyam".
Təcrübəli baş məşqçi qrupdan çıxmaq şansları barədə bunları diqqətə çatdırıb: "Hər turnirdə maksimum nəticə əldə etmək niyyətindəyik. Son 4-5 ildə futbol elə səviyyəyə çatıb ki, istənilən komanda düşünmədiyimiz nəticəni əldə edir. Hər komanda bizə qarşı ciddi hazırlaşır. Qrupdakı rəqiblər arasında böyük fərqin olduğunu deyə bilmərik. Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq. Sonadək mübarizə aparıb, ən yaxşı nəticəni qazanmağa çalışacağıq".
Mütəxəssis Xayme Romeronun zədə səbəbindən hissənin sonunda əvəzləndiyini bildirib: "Qaspar Panadero idman formasından çox uzaq idi. İndilərdə formasını bərpa etməyə başlayıb. Bu səbəbdən Marko Vesoviçi oyuna daxil etdik. Bacarıqlı və universal futbolçudur".
Baş məşqçi görüşün sonlarında fərqlənə bilməyən Ramil Şeydayev haqqında danışıb: "Çox əziyyət çəkən və işgüzar futbolçular. Qol ona daha da inam gətirə bilərdi. Siz necə təəssüfləndinizsə, mən də o hissləri keçirdim (gülür). Ona inanıram. Mənim üçün futbolçunun olduğu kluba hörmət etməsi və işgüzar olması önəmlidir. Ramil də həmin oyunçulardandır".