"Yenidən UEFA Konfrans Liqasında oynamaq istəyirik".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Felipe Santos cari mövsümdəki hədəfləri barədə "vavel.com" saytına açıqlamasında deyib.
Braziliyalı hücumameylli yarımmüdafiəçi ötən yay avrokuboklarda uğursuz çıxış etdiklərini bildirib: "Təəssüf ki, təsnifat mərhələsində istədiyimiz nəticə göstərə bilmədik. Bu dəfə daha irəli getmək niyyətindəyik".
İkinci ildir Azərbaycan Premyer Liqasında çıxış edən 26 yaşlı vinger dil və yerli mədəniyyətə daha yaxşı uyğunlaşdığını söyləyib: "Bu, komandada mənə kömək edir. İndiyə qədər aktivimdə 10 məhsuldar ötürmə var. Ümid edirəm ki, növbəti oyunlarda komandaya daha çox töhfə verəcəyəm".
Qeyd edək ki, "Qəbələ" 20 turdan sonra 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.