“Qəbələ”nin baş məşqçisi: “Oyunun Zəfər Gününə təsadüf etməsi bizə əlavə motivasiya verəcək”

Futbol
  • 08 noyabr, 2023
  • 07:23
“Qəbələ”nin baş məşqçisi: “Oyunun Zəfər Gününə təsadüf etməsi bizə əlavə motivasiya verəcək”

“Olimpiakos”la oyun 8 Noyabr – Zəfər Gününə təsadüf etdiyindən, ikiqat məsuliyyət var. Bu amil bizə əlavə motivasiya verəcək”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov Yunanıstan klubu “Olimpiakos”a qarşı keçiriləcək UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssisin fikrincə, budəfəki rəqib I mərhələdə üstələdikləri Macarıstan təmsilçisi “Puşkaş Akademiya”dan güclüdür: “Olimpiakos” əvvəlki mərhələdə qarşılaşdığımız rəqibdən qat-qat təcrübəli və güclü komandadır. Yunanıstan təmsilçisi I mərhələdə İtaliya klubu “Leççe”ni hər iki görüşdə məğlub edib. Həmin qarşılaşmaları təhlil etmişik. Həm hücumda, həm də müdafiədə kifayət qədər yaxşı təşkilatlanmış komandadır. Meydan boyunca kollektiv şəkildə hərəkət edirlər. Heyətlərində çox sayda təhlükəli oyunçular var. Onlara qarşı müəyyən planlarımız olacaq”.

Famil Xəlilov şansları yarı-yarıya dəyərləndirir: “Uğur qazanmaq olar, mümkünsüz heç nə yoxdur. Bu cütdə az səhv edən komanda mərhələni keçəcək. Ölkəmizi layiqincə təmsil etmək, növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Olimpiakos” oyunu saat 16:00-da başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti