"Həmişə istəmişik ki, komandanın oyun keyfiyyəti yaxşı olsun. Mövsümün əvvəlində bir araya gələndən çalışırıq ki, düşünülmüş şəkildə hücuma çıxaq. Məni sevindirən odur ki, məşqlərdə etdiyimizi çempionat oyunlarında gerçəkləşdirə bilirik".
Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev komandasının Premyer Liqadakı çıxışı barədə danışarkən deyib.
41 yaşlı mütəxəssis əyalət təmsilçisinin hücum planında seçilən kollektivlərdən olduğunu bildirib: "Futbolçuların yanaşması da məni sevindirir. Potensialımız ön xətdə daha keyfiyyətli olmağa imkan verir".
Gənc baş məşqçi 20 tur ərzində bəzi matçlarda qələbəni son dəqiqələrdə əldən verdiklərini söyləyib: "Futbolun gözəlliyi ondadır ki, son dəqiqələrdə kimsə qol vura bilir. Sonadək mübarizə aparmaq lazımdır, final fitinə kimi boşalmaq olmaz. Son dəqiqələrdə qollar buraxmağımız konsentrasiyanın azalması ilə bağlıdır. Futbolda belə hallar normaldır. Çalışıb bu nöqsanları aradan qaldırmalıyıq".
Baxşıyev ardıcıl bir neçə oyundan sonra hakimlər haqqında işlətdiyi sözlərə də aydınlıq gətirib: "Mən oyunlardan sonra mətbuat konfranslarında da demişəm. Hakimlik barədə çox danışmaq və bu məsələnin üstündə dayanmaq istəmirəm. Sadəcə, o səhvləri görürəm, gördükcə yenə deyəcəyəm. Mən gənc baş məşqçiyəm. Hər şeyi qırağa qoyub, sırf hakimliklə bağlı etiraz etmək istəmirəm. Mən də istəyirəm ki, komandanın taktiki və texniki tərəflərindən danışım, bunlara daha çox vaxt ayırım, nəinki hakimlərə. Hakimlər Komitəsi oyunları ciddi analiz edib, məşğul olmalıdır. Biz nəyi görürüksə, ona etiraz edirik. Onların da görüb düzəliş etmələri daha yaxşı olardı".
Mütəxəssis yalnız avrokuboklar uğrunda vuruşmadıqlarını sözlərinə əlavə edib: "Həmişə qarşıdakı oyun bizi düşündürür. Maksimum dərəcədə növbəti oyuna köklənirik. Qismətdə varsa, avrokubokda çıxış edəcəyik. Bütün çətinliklərə rəğmən, təslim olmayacaq, sonadək mübarizə aparacağıq. Niyə də avrokubokda iştirak etməyək".
Baş məşqçi "Qəbələ"dən hansısa futbolçunun Azərbaycanın əsas yığmasına dəvət almamasına da toxunub: "Bu barədə danışmaq mənim üçün çətindir. Məsələ ilə bağlı baş məşqçi Canni De Byazi danışsa, daha məqsədəuyğun olar. Çünki yığma komandanı formalaşdıran odur. Sadəcə, mənim komandamda da yaxşı və maraqlı futbolçular var. Hansısa futbolçumun adını çəkmək istəmirəm. Əsas heyətdəki yerli futbolçularımız daim meydanda olurlar. Nəzər yetirərək, dəvət göndərmək mümkündür. Onlar millidə oynaya biləcək gücdədirlər. Son söz baş məşqçindir. Onun qərarını anlayışla qarşılayıram".
Baxşıyev son olaraq yüksək maaşa görə yollarını ayırmaq istədikləri Ceyms Adeniyinin məsələsi barədə danışıb: "O, müqavilə ilə bizə məxsusdur. Yüksək ödənişli olduğu üçün klub onu satmaq istədi. Amma alınmadı. Mövsümün sonuna kimi bizimlədir. Sonrası necə olacaq, bilinmir".