"Bu kluba gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın yeni transferi Ovusu Kvabena klubun rəsmi saytına açıqlamasında deyib. 22 yaşlı hücumçu yeni komandası ilə uğur qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: "Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. "Qarabağ"dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi və təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır".
Kvabena şəxsi hədəfləri haqqda danışmaq istəməyib. Onun fikrincə, ən yaxşısı elə nəyə qadir olduğunu meydanda göstərməkdir: "Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm, öz oyunumla özümü onlara sevdirəcəyəm".
Qeyd edək ki, İspaniya "Leqanes"in transfer olunan qanalı futbolçu "Qarabağ" klubu ilə 3,5 illik müqavilə imzalayıb.