Azərbaycan Premyer Liqasının VII turunun "Sumqayıt" - "Neftçi" matçından (1:1) öncə ajiotaj yaşanıb.
"Report"un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq, matçın keçirildiyi "Kapital Bank Arena"nın ümumi azarkeş tutumunun 50 faizi dolduqdan sonra stadionun qapıları bağlanıb. Nəticədə hər iki tərəfdən ümumilikdə 500 - 600 tərəfdar arenaya daxil ola bilməyib. Onların arasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov, sabiq futbolçu, hazırda "Keşlə"nin məşqçilər heyətində çalışan Kamal Quliyev və "Forza Neftçi" azad azarkeş qrupunun üzvləri də olub.
Ölkə futboluna marağın artması müsbət haldır. Lakin pandemiya şəraitində mövcud qaydalar stadionların tam dolmasına imkan vermir. Bu isə yekunda belə bir mənzərənin ortaya çıxmasına səbəb olur. Bu durumun növbəti turlarda da təkrarlanacağı istisna deyil. Bəs vəziyyətdən necə çıxmaq olar?
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Report"a açıqlamasında bildirib ki, stadionlarda icazə verilən azarkeş sayının artırılması epidemioloji vəziyyətdən asılıdır: "Bu gün növbəti turdan azarkeşlərlə bağlı azadlıq olacaq" deyərəm, düz çıxmaz. İddiaya görə, pandemiyanın 5-ci dalğası gəlir. Başa düşürəm, futbol azarkeşlər üçün oynanılır. Tərəfdar olmayanda elə bil "dır-dır" oynayırsan, maraq da olmur. Sumqayıtdakı hadisədən xəbərim oldu. 400 - 500 nəfər stadiondan kənarda qalıb. Hətta öz əməkdaşımıza irad bildirdim ki, həmin fanatlar stadionda oyuna baxmalı idi. Sumqayıt azarkeşlərinə böyük hörmətim var. Doğrudan da, öz komandalarını sevirlər. Klubun hazırkı rəhbərliyi də həmin fanatlara, onların sevgisinə layiqdir. Lakin gərək, bizi də başa düşələr. İstəmərik ki, hansısa qanun pozuntusuna yol verək. Sabah deyərlər ki, ümumiyyətlə azarkeşlərin stadiona buraxılmasına icazə yoxdur. İnsan üçün ən vacibi can sağlığıdır".
Musayev problemi aradan qaldırmaq üçün bilet satışı təşkil edilməsinə qarşı olduğunu söyləyib: "Qadağadan öncə kim istəyirdi, oyuna gəlirdi. İnsanlarda belə bir xüsusiyyət var: nəyisə qadağan edəndə şirin olur. İmkanlı, imkansız futbolsevərlər var. Bu gün bilet məsələsini ortaya ataq və həmin imkansız adamlara baryer yaradaq? Belə çıxır ki, pulun yoxdursa, sən gəlmə. Bu isə bizim mentalitetə uyğun deyil. Mən buna qarşıyam. Sağlıq olsun, Sumqayıtda böyük stadion hazır olduqdan sonra hər şey həllini tapacaq. Əsas odur ki, futbola maraq var".
Musayev Kamal Quliyevin stadiona buraxılmamasına da münasibət bildirib: "Oyuna girə bilməyibsə, bu, artıq onun öz günahıdır. Klub rəhbərliyindən, rəsmilərindən kiminləsə əlaqəsi yoxdur? "Sumqayıt"ın idman direktoru Zamiq Hüseynova zəng vursaydı, onu qucağında içəri keçirərdi. Orada heç kim Quliyevə hörmətsizlik edə bilməzdi. Özü bir az sakit adamdır".
"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun sözlərinə görə, "Neftçi" ilə oyundakı hadisə ilk dəfə yaşanmırdı: "Sabah" və "Qəbələ"yə qarşı əvvəlki 2 ev matçımızda da belə halla üzləşmişik. Hazırda pandemiya ilə əlaqədar dövlətin çıxardığı qərar odur ki, stadionda müəyyən sayda azarkeşin iştirakına icazə verilsin. Biz də həmin qaydalara uyğun olaraq, arenaya fanatların daxil olmasını təmin edirik. Təəssüf ki, stadionumuzun azarkeş tutumu çox azdır. Bu şəhərdə futbola maraq isə həddindən artıq böyükdür. Ümid edirik ki, qısa zamanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu hazırlanıb klubun ixtiyarına verilər. Yaxud da, arenanın tam dolmasına icazə verərlər. Təki pandemiya bitsin".
Azarkeşlərin çöldə qalmaması üçün əllərindən gələni etdiklərini deyən Məmmədov "Səbail"ə qarşı VIII tur matçı üçün bilet satışı həyata keçirə biləcəklərini istisna etməyib: "Çalışırıq, qısa zamanda satışı təşkil edək ki, bileti olmayanlar stadiona gəlməsinlər. Bəlkə ondan sonra problem nisbətən həllini tapar. Hazırda bunun üzərində işləyirik. Yəqin ki, qiymət 2 manat olacaq. Variantlardan biri də odur ki, biletlər satılıb qurtardıqdan sonra sosial şəbəkə vasitəsilə azarkeşləri bu barədə məlumatlandıraq. Amma mənim fikrimcə, bilet satışı da çıxış yolu deyil. Stadionun qarşısında elə bir ajiotaj var idi ki, orada hansısa şəxsi ayırmaq mümkün deyildi. Lap deyək ki, klubun əməkdaşını qapıya qoyduq. Tribunalar dolubsa, kimisə içəriyə necə buraxsın? Sizin sayt vasitəsilə azarkeşlərə səslənirəm ki, oyundan ən azı 30 dəqiqə əvvəl gəlsinlər və tribunada öz yerlərini ala bilsinlər".
Millinin məşqçisi Arif Əsədov isə deyib ki, "Sumqayıt" kimi komandaların "Neftçi" və "Qarabağ"a qarşı oyunlarda hər zaman azarkeş axını çox olur: "Ona görə də bu cür vəziyyət ortaya çıxır. Fikrimcə, hazırda əsas problem azarkeş tutumu ilə bağlıdır. Yeni stadionun inşası başa çatdıqdan sonra yəqin ki, bu problem aradan qalxacaq. Rəqib komanda adətən matçdan öncə tərəfdarların sayına uyğun bilet sifariş verir. İçəridə "Neftçi" fanatları da var idi. Amma çoxu çöldə qalmışdı. Bəzilərini maşına mindirib keçirə bildim. Onların stadiona buraxılmamasını klublar öz aralarında müzakirə etməlidir. "Neftçi" öz azarkeşlərinin maraqlarını qorumalıdır".
Əsədovun fikrincə, bilet satışı təşkil olunsaydı, həm bu qədər ajiotaj yaşanmazdı, həm də klub xeyir götürərdi: "Çünki "Neftçi" azarkeşləri bütün oyunlara gedirlər. Digər tərəfdən, fanatları darvazadan içəri buraxmaq olardı ki, ən azı setkanın ətrafından oyunu izləsinlər. Amma qaydaların buna icazə verib-vermədiyini bilmirəm. Bu cür matçlarda vəziyyəti nəzərə almaq lazımdır. Azarkeşlər çöldə qalmamalı, bu qədər sıxlıq yaşanmamalıdır".
"Forza Neftçi" azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyev əvvəlcə yaşanan ajiotajdan danışıb: "Sumqayıta bir neçə saat öncə təqribən 10 nəfərlə yollandıq, bannerlərimizi stadionda asdıq. Bizə dedilər ki, qonaq komandanın azarkeşləri üçün 2 sektor - 100 nəfərlik yer ayrılıb. Bakıdan digər azarkeşlərimiz də gəlirdi. Amma oyunun startına 5-10 dəqiqə qalmış qapıları bağladılar və fanatları stadiona buraxmadılar. Tələb etdik ki, stadion ağzınadək dolub, bizim üçün ayrılmış sektorda isə cəmi 1-2 azarkeşimiz var. Cavab verdilər ki, sizi buraxıb digər fanatların stadiona daxil olmasına icazə verməsək, alınmır. Bildirdik ki, öz sektorumuza keçmək istəyirik. Yenə də buraxmadılar. Futbol adına biabırçı mənzərə idi".
Əliyev deyib ki, qapıya ən azı klubun bir əməkdaşını qoymaq lazım idi ki, Arif Əsədov, Kamal Quliyev kimi mütəxəssislər bayırda qalmasınlar: "Əsədovu yalnız kənardakı insanlar qışqırandan sonra stadiona buraxdılar. Özü də dəhşətə gəlmişdi. Kamal Quliyev isə uşağı ilə gəlmişdi. Nə qədər cəhd etsə də, içəri keçə bilmədi. Orada polislərin günahı yox idi. Hər şeyi "Sumqayıt" rəhbərliyi etməlidir. Məsul şəxslərdən heç kim yox idi, gələn qaçıb gedirdi. İnsanları polislərlə üz-üzə qoyurlar".
Azarkeş qrupunun rəhbəri "gənclik şəhəri" təmsilçisi üçün "Zirə" klubunun addımını misal çəkib: "Zirə" rəhbərliyini alqışlayıram. Bu komanda ilə oyundan öncə bizə 80 bilet verdilər. Dedilər ki, pandemiya ilə əlaqədar "Neftçi" azarkeşlərinə ayrılan bilet budur. Biletlər əlimizdə olandan sonra rahat olduq. Sumqayıtda qonaq komanda azarkeşlərini arxa qapıdan da buraxa bilərlər. Özləri oturub oyuna baxır, kilometrlərlə yol qət edən azarkeşlər bayırda qalır. Ola bilər ki, Azərbaycanda bəziləri ancaq avrokubok matçlarında azarkeş olur, çempionat oyunlarına gəlmir. Biz isə hər zaman komandamızın yanındayıq. Amma hörmətsizlik olanda istər-istəməz qəlbimiz sınır".
Əliyev sonda "Sumqayıt" rəhbərliyinə məsləhət də verib: "Bir biletin xərci 16 qəpikdir. Bu, "Sumqayıt" üçün böyük itki olmaz. Ən azından, qonaq komanda üçün bilet satışı təşkil et, azarkeşlər stadiona rahat girsinlər. 16 qəpikləri yoxdursa, o pulu da biz verə bilərik. Əsas odur, gələn dəfə bu cür hörmətsizlik olmasın".