Premyer Liqa: “Səbail” sonuncu pillədən qurtulub, “Turan Tovuz” elitadakı yerini təmin edib

Premyer Liqa: “Səbail” sonuncu pillədən qurtulub, “Turan Tovuz” elitadakı yerini təmin edib Azərbaycan Premyer Liqasında XXXIII tur davam edir.
Futbol
7 may 2023 17:02
Premyer Liqa: “Səbail” sonuncu pillədən qurtulub, “Turan Tovuz” elitadakı yerini təmin edib

Azərbaycan Premyer Liqasında XXXIII tur davam edir.

“Report”un məlumatına görə, bu gün daha iki oyun keçirilib.

Günün ilk görüşü Tovuzda baş tutub. Yerli “Turan Tovuz” “Neftçi”ni qəbul edib.

Azərbaycan Kubokunun yarımfinalında rəqibinə dramatik şəkildə məğlub olan Ayxan Abbasovun yetirmələri revanşı 4 cavabsız qolla alıblar. Runi Eva 17, 44 və 61-ci dəqiqələrdə vurduğu toplarla het-trikə imza atıb. Digər qolun müəllifi isə 21-ci dəqiqədə Roderik Miller olub.

4:0 hesablı qələbə qazanan altıncı pillədəki “Turan Tovuz” xallarının sayını 35-ə çatdıraraq, Premyer Liqadakı yerini təmin edib. Bürünc mükafat qazanacağı öncədən rəsmiləşən “Neftçi” isə 61 xalda qalıb.

İkinci matçda autsayder “Səbail” “Sumqayıt”ın qonağı olub. Qarşılaşmada hesabı ev sahibləri açıblar. 36-cı dəqiqədə Todor Todoroski fərqlənib. Lakin qonaqlar son 20 dəqiqədə matçı çevirməyə müvəffəq olublar. Matiya Lyuyiç 4 dəqiqə ərzində (70, 73) dubl edib. Franko Mazurek isə 89-cu dəqiqədə görüşdə son nöqtəni qoyub. Nəticədə 3:1 hesablı qələbə qazanan “Səbail” xallarının sayını 25-ə yüksəldib və sonuncu pillədən qurtulub. Səkkizinci yerdəki “Sumqayıt” isə 28 xala malikdir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”nı səfərdə 3:0 hesabı ilə məğlub edib. Tura mayın 8-də keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi