Premyer Liqa: "Neftçi" yeni baş məşqçisi ilə ilk oyunda 1 xal qazanıb
- 15 dekabr, 2025
- 20:51
Misli Premyer Liqasında XV turun son oyununda "Neftçi" "Sumqayıt"la qarşılaşıb.
"Report" xəbər verir ki, "Palms Sports Arena"da baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında ilk oyuna çıxan paytaxt təmsilçisi heç-heçəyə razılaşıb - 2:2.
Qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 34-cü dəqiqədə İmad Faraj hesabı açıb, Bassala Sambu isə 49-cu dəqiqədə "ağ-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. Bununla belə, Bakı kollektivi qələbə hesabını qoruya bilməyib.
"Gənclik şəhəri" təmsilçisinin heyətində 74-cü dəqiqədə Nsana Simon fərqi minimuma endirib. Final fitinə 9 dəqiqə qalmış isə Səbuhi Abdullazadə adını tabloya yazdırmaqla komandasını məğlubiyyətdən xilas edib.
Turnir cədvəlində "Sumqayıt" 27 xalla üçüncü, "Neftçi" isə 17 xalla səkkizincidir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Araz-Naxçıvan"ı (5:1) məğlub edib. "İmişli" - "Karvan-Yevlax" matçında isə qalib müəyyənləşməyib - 1:1.