"Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson bu matçda iştirak etməyəcək. Ümid edirik ki, çətinliyin öhdəsindən gələcəyik. Yaxşı nəticəyə ümidimiz böyükdür. Bakıya heç-heçə yox, qələbə üçün gedirik".
"Report"un məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Oyunla bağlı heç bir sirrimiz yoxdur. Hər şey hazırlıqdan asılıdır. Komanda fiziki baxımdan sabit olmalıdır. Son məşqlərimizi tamamladıq. Əsas fikrimiz oyundadır. Bu matç xüsusi önəm daşıyır".
Portuqaliyalı baş məşqçi heyətdəki problemlərə baxmayaraq, nikbin olduğunu söyləyib: "Mən problemləri həll etməyi xoşlayıram. "Olimpiakos" böyük klubdur. Bütün futbolçulara şans verərək, onların təcrübəsini artıra bilərik. Bu, mənim üçün xoşdur. İnanıram ki, komandam daha da irəliyə gedəcək".
Martins sonda "Bakcell Arena"nın durumundan xəbərdar olduqlarını vurğulayıb.
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.