Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son matçında lider "Neftçi" autsayder "Sabah"la üz-üzə gəlib.
"Bakcell Arena"dakı matç "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 44-cü dəqiqədə açılıb. Namiq Ələsgərov meydan sahiblərini önə keçirib. Mirabdulla Abbasov 64-cü dəqiqədə fərqi iki topa çatdırıb. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə qonaqların müdafiəçisi Təmkin Xəlilzadə qoyub. Penaltidən fərqlənən futbolçu yekun nəticəni müəyyənləşdirib.
"Neftçi" qələbə sayəsində 36-cı xalını qazanıb və liderliyini qoruyub. "Sabah" isə 15 xalla sonuncu - 8-ci yerdə qalıb.
Qeyd edək ki, bu gün keçirilmiş "Sumqayıt" - "Zirə" matçında hesab açılmayıb. İlk oyun günündə baş tutan qarşılaşmalarda "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız top keçirib.