"Neftçi" və "Qəbələ" komandaları arasında keçirilən yoldaşlıq matçında dava düşüb.
"Report"un məlumatına görə, görüşün 64-cü dəqiqəsində "ağ-qaralar"ın yarımmüdafiəçisi Sezar Meza Kolli komanda yoldaşına qarşı kobudluq edən əyalət təmsilçisinin futbolçusu İsnik Əliminin sifətinə əli ilə zərbə endirib. Nəticədə oyunun baş hakimi Fərid Hacıyev paraqvaylı oyunçunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Bundan sonra iki komandanın üzvləri arasında gərginlik daha da artıb. Meza Kolli meydanı tərk edərkən rəqib komandanın kapitanı Asif Məmmədovla mübahisə edib. Daha sonra Harramiz Soares məsələyə qarışıb. Özündən çıxan futbolçu əvvəlcə Ehtiram Şahverdiyevlə, daha sonra isə A.Məmmədovla münaqişəyə girib.
"Neftçi"nin məşqçilər heyəti və kapitanı Aqil Məmmədovun müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab 1:1-dir. Flaqmanın heyətində Tiaqo Bezerra, "qırmızı-qaralar"dan isə Alimi fərqlənib.