"Gözəl qələbə münasibətilə xalqımızı təbrik edirəm. Bu, hər bir azərbaycanlı üçün böyük tarixdir".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasına açıqlamasında deyib.
Funksioner Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb: "Müharibə dövründə hamımız əsgər olmuşuq, Ali Baş Komandanın rəhbərliyi altında yumruq kimi düşmənə qarşı vuruşmuşuq. Təbii ki, burada ən böyük rolu ölkə rəhbərliyi, əsgərlərimiz oynayıb. Həm qürur, həm də sevinc hissi ilə şəhidlərimizi, qazilərimizi anırıq. Biz, doğrudan da, böyük, tarixə düşmüş ölkəyik, xalqıq. İşğaldan azad edilən ərazilərimiz yenidən çiçəklənəcək. Gələcək nəsillərimizə daha inkişaf etmiş ölkə buraxıb gedəcəyik. Şükürlər olsun ki, bu günləri gördük".
Quliyev valideynlərinin də qarabağlı olduğunu söyləyib: "Atamın bir tərəfi Şuşadan, ana babam isə Cəbrayıldandır. Bu xəbərlərə çox sevindik. Yaxın vaxtlarda gedib o yerlərə ayaq basacaq, oraları görəcəyik. Bundan sonra da bir yumruq olsaq, dövlətə dəstək versək, həmin ərazilər yenidən çiçəklənəcək, inkişaf edəcək. Əsas odur ki, artıq məcburi köçkün statusu 1 milyon insanın üzərindən götürülür. Yenidən o yerlərdə azan oxunsun, ağaclar bar versin. İnsanlar evlə, işlə təmin olunsun. Bütöv Azərbaycan daha yaxşıdır. Burada hamımız yaşamaq istəyirik. Bu, bizim qəhrəmanlıq səhifəmizdir. Şükürlər olsun ki, bu günləri gördük".