"Çalışacağıq ki, sabah baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Qələbə ilə Bakıya qayıtmaq istəyirik".
"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Sezar Meza Kolli Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində özünü yaxşı hiss etdiyini bildirib: "Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək niyyətindəyəm".
Qeyd edək ki, avqustun 12-də Helsinkidəki "Bolt Arena"da keçiriləcək HİK - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.