"Neftçi"nin kapitanı: "Hər oyunda qol vurmaq istərdim"

"Neftçi"nin kapitanı: "Hər oyunda qol vurmaq istərdim" “Neftçi”nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir...
Futbol
17 Sentyabr , 2021 12:28
Neftçinin kapitanı: Hər oyunda qol vurmaq istərdim

“Neftçi”nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir...

- Hazırda bəlkə də karyeranın ən pik dövrünü yaşayırsan. Həm avrokuboklarda, həm də milli komandanın heyətində stabil oyununla yanaşı, vurduğun qollarla da, azarkeşlərin rəğbətini qazanmısan.

- Bəli, hazırda karyeramın ən yaxşı anlarını yaşayıram və çalışıram bu səviyyəni mümkün qədər çox saxlayım. Daha yaxşı oynamaq üçün maksimum artırıb həm “Neftçi”, həm də milli komandanın azarkeşlərini sevindirməyə çalışacağam. Çünki onlar buna layiqdirlər. Heyf ki, vurduğum qollar azarkeşləri heç də həmişə sevindirmir. Bunun da səbəbi məğlub olmağımızdır.

- Təəssüf ki, “Qarabağ”la matçda vurduğun qol komandamızı məğlubiyyətdən xilas etmədi. Ümumiyyətlə, bunun üçün nə çatmadı?

- Çox təəssüf ki, “Qarabağ”a uduzduq. İkinci hissədə çox yaxşı oynadıq. Əlbəttə, hər iki hissəni daha yaxşı keçirməliydik, amma alınmadı. İnanıram ki, qarşıdakı görüşlərdə əvvəldən sonadək daha yüksək səviyyədə çıxış edəcəyik.

- İnanırıq ki, çempionluq uğrunda əsas rəqimizə məğlubiyyət komandamızı ruhdan salmayıb. Kapitan kimi nə deyə bilərsən?

- Düzdür, məğlubiyyət xoş deyil, amma heç birimiz ruhdan düşməmişik. Uduzanda məyus olmaq normaldır, amma irəli baxmalıyıq. Uşaqlar məsuliyyəti dərk edir və bilirlər ki, yaxşı nəticə göstərmək üçün maksimum çalışmaq lazımdır.

- Qarşıdan “Keşlə” ilə görüş gəlir. Rəqibimiz geridə qalan 3 oyunun hamısında uduzub və 7-ci pillədə qərarlaşıb. Bu, futbolçularımızda arxayınçılıq yaratmır ki?

- “Keşlə”nin oyunlarına baxmışam. Uduzmaqlarına baxmayaraq, heç də pis təsir bağışlamayıblar. Ümumiyyətlə, Azərbaycan çempionatında asanlıqla məğlub edə biləcəyin rəqib yoxdur.

- Üstəlik, “Keşlə” ilə ötən mövsümkü matçların 4-də də qalib gəlmişik. 3:0 hesabı ilə qələbə qazandığımız dördüncü dövrə oyununda sonuncu qola sən imza atmışdın. Necə düşünürsən, bu dəfə də “adını tabloya yazdıra biləcəksən?”

- Əlbəttə, hər oyunda qol vurmaq istərdim, amma ilk növbədə komandanın uğuru haqda düşünmək lazımdır. Qol müəllifi mən olacağam, yoxsa başqası, fərq eləmir, əsas odur ki, “Neftçi” qələbə qazansın. Bununla belə, tez-tez qol vurmaq üçün də əlimdən gələni edəcəyəm.

- Yeri gəlmişkən, bu mövsüm meydana çıxdığın 11 matçda 6 dəfə fərqlənmisən. Ümumiyyətlə, geridə qalan 4 il ərzində “Neftçi”də bir mövsümə ən çox 9 qol vurmusan. 2021/2022 mövsümünün böyük hissəsinin hələ qarşıda olduğunu nəzərə alsaq, rekordunu yeniləyəcəyinə inanırsan?

- Bəli, qarşıda hələ çox oyunumuz var. Çalışacağam qol fürsətlərindən maksimum yararlanıb daha çox fərqlənim.

- Kapitan olaraq “Neftçi” azarkeşləri haqqında fikirlərini bilmək istərdik. Yəni komanda üzvlərinin fanatlardan gözləntisi nədir?

- Azarkeşlərimizə çox təşəkkür edirəm. Son oyunlarımızdakı uğursuz nəticələrə baxmayaraq, onlar stadiona gəlib bizə dəstək olurlar. Düzdür, geridə qalan 3 oyunda 5 xal itirmişik, amma çempionat hələ yeni başlayıb. Əminəm ki, azarkeşlərimizin də dəstəyilə birlikdə daha da güclü olub qarşıdakı oyunlarda çoxlu qələbələr qazanacağıq. Onlardan xahişim budur ki, nəticədən asılı olmayaraq yenə də dəstəklərini əsirgəməsinlər. Çempionluğumuza inansınlar və sonadək yanımızda olsunlar. Biz də öz növbəmizdə çempionluq uğrunda mübarizədə sonadək vuruşub onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Son xəbərlər

Orphus sistemi