"Görüş bizim üçün yaxşı keçdi. Meydanda öz oyunumuzu göstərə bildik".
Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Mert Çelik Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
21 yaşlı müdafiəçi meydana qələbə üçün çıxdıqlarını bildirib: "Təəssüf ki, qapımızda şanssız qol gördük. İkinci hissədə hər şeyi öz xeyrimizə dəyişəcəyimizi düşünürdüm. Amma alınmadı".
Qarşılaşmanın 63-cü dəqiqəsində Pirey təmsilçisinin yarımmüdafiəçisi Oleq Ryabçukun sifətinə təpik zərbəsi endirdiyi üçün qırmızı vərəqə alan türk əsilli oyunçu həmin epizodu bu cür şərh edib: "Rəqibi ayağımı topa qaldırdıqdan sonra gördüm. Matçın ardından həmin epizodu dəfələrlə izlədim. Komandamı azlıqda qoyduğum üçün xeyli üzüldüm. Məyusluğum hələ də davam edir".
Çelik bildirib ki, rəqibə qarşı kobud çıxışından dərhal sonra onun yanına gedərək üzr istəyib: "Belə olmasını mən də istəməzdim. Təəssüf ki, futbolda bu cür hallar olur".
"Olimpiakos"un zəif çıxışına da toxunan futbolçu rəqibin kimliyinə ciddi önəm vermədiklərini söyləyib: "Biz hər matça yaxşı oynamaq və qələbə qazanmaq üçün çıxırıq. Rəqibin necə oynaması bizi maraqlandırmır".
Gənc müdafiəçi Bakıda Yunanıstan təmsilçisinə qalib gələcəklərinə inandığını vurğulayıb: "Ümid edirəm ki, cavab matçından sonra mərhələni keçən tərəf biz olacağıq. Buna ürəkdən inanıram. Bu, bizim üçün gözəl röyanın başlanğıcı olacaq. Komandamı tribunadan azarkeş kimi dəstəkləyəcəyəm".
Qeyd edək ki, "Neftçi" və "Olimpiakos" arasında cavab görüşü iyulun 28-də "Bakcell Arena"da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.