"Hazırlıq plan üzrə gedir. Qarşıdakı oyuna hazırlaşırıq, hər şey yaxşıdır. Harramiz Soaresdən başqa hamı yerindədir, digərlərinin zədəsi yoxdur".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının V tur oyunundan əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.
43 yaşlı mütəxəssis qarşıdakı görüşdə rəqibin də uduzmaq istəmədiyini bildirib: "Maraqlı oyun olacaq. "Sabah"a qarşı bundan əvvəlki qarşılaşmalar da maraqlı alınıb. Rəqibimizin hələ qələbəsi yoxdur, 3 xal üçün əllərindən gələni edəcəklər. Həm də bütün komandalar "Neftçi"yə qarşı daha stimullu olur. Biz də buna hazırıq. Əsas odur ki, heyətimiz tamdır və futbolçularda hər şey qaydasındadır. Ən yaxşı şəkildə hazır olanlar "Sabah"la matçda meydana çıxacaq".
Mütəxəssis "Sabah"la görüşün yenə gərgin keçməsini arzulamadığını etiraf edib. Onun fikrincə, "Sabah" qələbə qazanmadığı üçün çox çalışacaq: "Biz buna hazırıq. Rəqibdə hansı problemlərin baş verməsinin bizə aidiyyatı yoxdur. Qələbə üçün meydana çıxacağıq. Gərginlik olacağını gözləyirik. Meydandan kənardakı gərginliklərin içində olmaq istəmirik. Ötən mövsüm başımıza gəlmişdi. Təmiz və ədalətli oyunla qalib gəlmək niyyətindəyik".
O, matçın start heyətini müəyyənləşdirdiyini də deyib: "Oyunadək çox şey baş verə bilər. 6+5 limitinə əsasən heyəti qururuq. Kimsə sıradan çıxsa, sistemi də dəyişə bilərik. Amma beynimizdə start heyəti qurmuşuq. Əsas odur ki, bu matça tam hazırıq".
Abasov Sezar Meza Kollinin durumunun yaxşı olduğunu vurğulayıb: "Meza Kolli komanda ilə məşq edir, özü də həddindən artıq həvəslidir. Harramiz Soaresin isə iki gündən sonra, bəlkə də sabah bizə qoşulacağı gözlənilir".
Baş məşqçi yeni transferlərin 90 dəqiqə meydanda qalmağa hazır olmadığını sözlərinə əlavə edib: "Bəzən oyunun hesabı futbolçulara şans verməyimizə kömək edir. Futbolçuları çox yükləmək yox, oyunlarda forma yığmalarını istəyirik. Onlar 90 dəqiqə meydanda olmağa hazır deyillər. Məşqdən çox görüşlər formaya düşməyə kömək edir. Hamısı peşəkar futbolçulardır, özləri də məşqlərdə və qarşılaşmalarda çox çalışırlar. Bu da xoş haldır. Tezliklə formaya düşəcəklərinə inanıram".
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək "Sabah" - "Neftçi" oyunu saat 17:00-da başlayacaq.