"Azarkeşlərimiz üçün darıxmışdıq. Sağ olsunlar, bizi tək qoymadılar. Atmosfer möhtəşəm idi".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis futbolçulara təşəkkürünü bildirib: "Bu cür oyunlara çıxmaq gərginlikdir. Bəzi epizodlarda səhvlərimiz oldu. Amma oyundan-oyuna daha da güclənəcəyik. Buna əminəm. Futbolçularım hər iki matçda əlindən gələni etdi. Cəmi 3 yoxlama matçından sonra bu səviyyədə oynamaq asan deyil. Oyunçularımız bacardılar və lazımi nəticəni qazandılar".
Abasovun sözlərinə görə, hesab "Neftçi"ni ehtiyatlı oynamağa vadar edirdi: "Qol buraxdıqdan sonra hücuma atılmalı idik. Necə oynamalı olduğumuzu bilirdik. Yenə deyirəm, əsas nəticə idi".
Baş məşqçi Harramiz Soareşin çıxışına da toxunub: "Harramiz universal futbolçudur. Həm yarımmüdafiədə, həm də hücumda çıxış edə bilir. Beşli müdafiənin cinahında oynamaq da təqribən eyni şeydir. Vaxt keçdikcə hansı futbolçunun nəyə qadir olduğunu bilirik. Ehtiyat qüvvəmiz azdır. Bəzi oyunçuları məcburiyyətdən oynadırsan".
Mütəxəssis II təsnifat mərhələsindəki rəqibləri olan Yunanıstan "Olimpiakos"undan da söz açıb: "Əminəm ki, vaxt keçdikcə daha yaxşı oynayacağıq. "Olimpiakos" bu cür epizodları bizə bağışlamayacaq. Əlimizdən gələni edəcəyik. Yeni transferlər gözlənilir. Honda kimi oyunçumuz yoxdur ki, rəqib hücumlarının qarşısını alsın. Bəlkə də bu cür oyunlar işimizi asanlaşdıra bilər. "Olimpiakos" bizə birinci zonada oynamağa imkan verməyəcək. Səhvlərimiz bizə kömək edə bilər".
Abasov yeni transferlərin gecikməsinin səbəbini də açıqlayıb: "Danışıq apardığımız oyunçular var. Danışıqların harada qırıldığını bilmirik. Bu gün sol müdafiəçimiz yoxdur. Qapıçı, iki vinger, hücumçu və sol cinah müdafiəçisi istəyirik. Hətta 30 faiz hazır olan futbolçunu belə, oynatmağa hazırıq".
Abasov "Olimpiakos"la oyun barədə nikbin olduğunu vurğulayıb: "Çox ümidliyəm. Hətta həmin matçın bu oyundan daha rahat keçəcəyini düşünürəm. Bugünkü görüşdə əsas pozitiv məqam qələbə qazanmağımızdır".
Abasov "Bakcell Arena"nın ot örtüyünün yararsız vəziyyətində olmasından şikayətlənib: "Bu barədə məşqçilərlə söhbət etdik. Mütləq irad bildiriləcək. Çünki biz bağçada oynamırıq. Oyunçular meydanda sürüşürdülər. Amma mən ota baxan deyiləm".