Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynovun “Report”a müsahibəsi
Futbol
18 Noyabr , 2022 11:30
Müşfiq Hüseynov: Qarabağ İmarətdə meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam - MÜSAHİBƏ

Müşfiq Hüseynov "Qarabağ"da ilk oyununu 1989-cu ildə keçirib. Həmin il 28 dəfə meydana çıxan veteran hücumçu 6 dəfə fərqlənib. Növbəti mövsümdə 22 dəfə meydana çıxıb və 8 qol vurub.

Ağdam klubunun heyətində SSRİ çempionatında, milli çempionatda və ölkə kubokunda 264 oyuna çıxıb və 151 qolun müəllifi olub. Hüseynov "Qarabağ"la yanaşı, "Kəpəz", "Neftçi", "MKT Araz" komandalarının, həmçinin İranda "Paykan"ın formasını geyinib.

Ağdamın tarixi “İmarət” stadionunda keçirilən, 1993-cü ildə baş tutmuş sonuncu futbol matçının iştirakçısı olan və “Turan”la oyunda “Qarabağ”ın bu stadionda sonuncu iki qolundan birini vuran (digər qolu qardaşı Yaşar Hüseynov vurub – red.) keçmiş hücumçu hazırda “Qarabağ”da köməkçi məşqçi kimi çalışır.

Müşfiq Hüseynov “Report”a müsahibəsində “İmarət” stadionunun yenidən tikilməsi, komandanın tarixi meydanına dönüşü, həmçinin “Qarabağ”ın bu mövsümkü çıxışı haqqında danışıb.

- “İmarət” stadionunun 2023-2026-cı illərdə tikilib istifadəyə veriləcəyi açıqlandı. Ağdamdakı arenada oynamış veteran futbolçu kimi bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
- 30 ildir “İmarət”siz qalmışıq. Bu məlumat, əlbəttə ki, bizi sevindirdi. Uzun həsrətdən sonra belə şad xəbər almaq çox gözəldir. Artıq 30-cu ilə keçir ki, “Qarabağ” öz məbədindən kənarda futbol oynayır. İnanırıq ki, stadion deyilən müddətdə hazır olacaq və “Qarabağ” yenidən orada meydana çıxıb azarkeşlərini sevindirəcək. Hamımız həmin günün həsrətindəyik. Ümid edirəm ki, həmin günü bir yerdə görərik.

- Maraqlıdır, stadionun layihələndirilməsi ilə bağlı “Qarabağ”ın, sizin kimi veteran futbolçuların fikirləri soruşulub?
- Elə dolğun məlumatım yoxdur. Amma dünən Əmrah Çəlikəlin müsahibəsini oxudum. Orada məsləhətləşmələr olduğunu deyib. Mənim bildiyim bu qədərdir. Ağdamın ümumi çertyoju çıxanda orada stadionun da yeri göstərilmişdi. İlk dəfə həmin vaxt görəndə sevinmişdik. Artıq rəsmiləşib. Ümid edirəm ki, tezliklə arenanın təməlinin atılmasını görərik.

- “İmarət”dəki oyunlarınızı necə xatırlayırsınız? Stadion hazır olanda yenidən orada meydana çıxmaq istərdiniz?
- (Gülür). Cavanlığıma qayıtmaq mümkün deyil. Amma çox xoş olardı ki, mənim yerimə Ağdamda “Qarabağ” komandası meydana çıxsın. Elə bilərəm ki, özüm çıxıb oynamışam. Bunlar tamam fərqli hiss və duyğulardır. Onları həmin meydançada görsəm, öz cavanlığım yadıma düşəcək. Fəxr hissi keçirəcəyəm. Arzumuz odur ki, Ağdamda gözəl stadion tikilsin. Mən oldum, ya olmadım, fərqi yoxdur, “Qarabağ” orada oynasın və insanlar komandanı dəstəkləməyə gəlsinlər.

- Ağdam işğaldan azad olunduqdan sonra oraya bir neçə dəfə getmisiniz və “İmarət” stadionunun əvvəl yerləşdiyi ərazidə olmusunuz. İlk səfərdən sonra Niderlandın "De Volkskrant" nəşrinin müxbiri ilə söhbətinizdə bildirmişdiniz ki, arenanı görəndə ağlamamaq üçün özünüzü güclə saxladınız. “İmarət”in 2026-cı ildə istifadəyə veriləcəyini biləndə ən çox nəyə sevindiniz?
- İnanın, Ağdam haqqında nəsə oxuyanda tək stadionu xatırlamıram. Bütün uşaqlığım, gəncliyim, orada keçirdiyim illər yadıma düşür. Hamısı gözümün qarşısından keçir. “İmarət”lə bağlı isə böyük təəssüratlarım var. Orada 7 yaşımda futbola başlamışam. Həmin günlərin yenidən qayıtmasını istərdik. Biz olmasaq belə, Azərbaycan övladları, ağdamlılar orada gözəl günlər görsünlər. Ağdam çox möhtəşəm yerdir, gözəl havası, mehriban insanları var. Allah o günləri görməyi yenidən bizə nəsib etsin və gənc nəsil orada daha xoşbəxt yaşasın. Biz artıq həyatımızı yaşamışıq. Hər şey keçmişdə qaldı. Bizim qismətimizə qaçqınlıq düşdü. Düzdür, yenə də öz Vətənimizdəyik, amma doğma yurdumuzdan aralı qalmaq ağırdır. İndiki nəslin Ağdam xoşbəxt yaşadığını görüb, buna sevinərik.

- Hazırda komandanın məşqçi və futbolçu heyətində Qarabağı Qara Qarayevlə siz təmsil edirsiniz...
- İşçilər arasında da 2-3 nəfər var. Amma mən heç kimi seçmirəm. Hamımız özümüzü Qarabağlı hiss edirik və bu ada uyğun addım atırıq. Buna görə fəxr edirik. Qarabağ adı bizim üçün müqəddəsdir.

- “İmarət”də oynamış bir çox futbolçudan eşitmişəm ki, orada oyunlar vaxtı tamam fərqli ab-hava, atmosfer olub. Necə düşünürsünüz, 30 illik məcburi fasilənin ardından böyük futbol Ağdama qayıtdıqdan sonra həmin ajiotaj yenə olacaqmı?

- Bu, gələcəyin işidir. Gərək əvvəlcə şəhər, stadion yenidən qurulsun. Bundan sonra Ağdama gələrsiniz və hər şeyi öz gözlərinizlə görərsiniz. Bu suala da orada cavab verərəm. İndiki məqamda gözləməliyik. Gələcək haqqında proqnoz vermək çətindir. Məsələn, o vaxt heç kim bilmirdi ki, Ağdamda oturduğumuz halda oranı tərk edəcək, qaçqın həyatı yaşayacağıq.

- “Qarabağ”ın futbolçuları, xüsusilə də legionerlər bu gün Ağdama qayıtmaqda nə dərəcədə maraqlıdır?
- İndidən nəsə demək çətindir. Bakıda məskunlaşsaq da, hamımız bir yumruq kimi eyni nöqtəyə vururuq. Bəlkə Ağdam elə möhtəşəm şəhər olacaq ki, tək Qara yox, digərləri də orada yaşamaq istəyəcək. Bəlkə bizdən xəlvət gedib Ağdamda qalacaqlar (gülür).

- “İmarət” stadionunun layihəsini, yaxud da maketini görmüsünüzmü?
- Xeyr, o dərəcədə məlumatım yoxdur. İnfrastruktur barədə təxmini fikirlər var. Amma layihə ilə tanış deyiləm. İnanıram ki, yaxın vaxtlarda təməl atıldıqdan sonra görüntüləri də paylaşarlar.

- Bir az da komandanın avrokuboklardakı çıxışı barədə danışaq. Avropa Liqasında mübarizəni davam etdirmək üçün yaxşı şans olsa da, istifadə edə bilmədiniz. “Qarabağ”a nə mane oldu?
- Rəqiblər Avropanın seçilmiş komandaları idilər. Zəif rəqiblər deyildilər. Buna baxmayaraq, haqqımızda müsbət fikirlər səsləndirdilər. Bu, bizim üçün fəxrdir. Düşünürəm ki, bu mövsüm avrokuboklarda möhtəşəm oyunlar keçirdik. Heç bir matçda meydanı mübarizəsiz tərk etməmişik. Son turda 10 nəfərlə Almaniya “Frayburq”u ilə başabaş mübarizə apardıq. “Qarabağ” bacardığından artığını etdi. Bütün görüşlərdə rəqiblərdən üstün oynadıq. Bir az bəxtimiz də gətirmədi. Hansısa oyunu zəif keçirdiyimizi deyə bilmərəm. Komandamızla fəxr edirik. Şükürlər olsun ki, bu günlərə gəlib çıxmışıq. Rəhbərlikdən tutmuş qapıda duran adama kimi, hamımız komanda üçün çalışırıq.

- Konfrans Liqasının pley-offunda rəqib Belçika “Gent”i olacaq. Püşkü necə dəyərləndirirsiniz?
- Püşkatmada 2 güclü komanda var idisə, biri bizim bəxtimizə düşdü. Amma heç bir rəqibdən çəkinmirik. Öz yolumuz var. İnamla irəliləyəcəyik. İnanıram ki, o vaxta qədər komanda formaya düşər və daha yaxşı çıxış edər. Hələ “Gent” haqqında düşünmürük. Qarşıda çempionat və kubok oyunlarımız var.

- Sizcə, bu mövsüm Premyer Liqada çempionluq uğrunda əsas rəqibiniz “Sabah” olacaq, yoxsa “Neftçi”?
- “Sabah”la yanaşı, “Neftçi” də çempionluq üçün mübarizə aparan güclü komandadır. Arzu edərdim ki, iddialı klubların sayı çox olsun. Bu, azarkeşlərin futbola marağını artırır. Tamaşaçı sayının çox olması isə birbaşa oyunun tempinə təsir edir. Premyer Liqada iştirak edən komandaların hamısı bizim üçün ciddi rəqibdir. Çox maraqlı futbol sərgiləyirlər.

- Üç gündən sonra Qətərdə dünya çempionatı başlayacaq. Hansı ölkəyə azarkeşlik edəcəksiniz və favoritiniz kimdir?
- Hərə bir komandaya azarkeşlik edir. Mənim üçün Braziliya və Argentina yığmaları maraqlıdır. Fikrimcə, “sambaçılar” mundialda öz sözünü deyəcək. Oyunlarına baxmışam. Gənc komandadır. Mənə elə gəlir ki, çempion Braziliya olacaq.

Son xəbərlər

Orphus sistemi