Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə 70 yaşında ikən vəfat edib.
Bu barədə "Report"a mərhumun qardaşı, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov məlumat verib.
Onun sözlərinə görə, M.Süleymanzadə şəkərli diabetdən dünyasını dəyişib. Mərhum jurnalist bu gün Mərdəkan qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974 - 1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Müxtəlif illərdə "Leninskoe znamya", "Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetskiy voin" jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan "Səhər" qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.
1984-1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
M.Süleymanzadə futbol sahəsində də fəaliyyət göstərib. O, "Neftçi" və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb.
Allah rəhmət eləsin!