Bakı. 23 iyul. REPORT.AZ/ Londonun "Arsenal" futbol komandasının yarımmüdafiəçisi Mesut Özil Almaniya milli komandasında karyerasının başa çatdığını elan edib.
"Report" xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.
Bildirilir ki, futbolçu bununla bağlı açıq məktubunu yayıb. O, Almaniya Futbol İttifaqı (DFB) tərəfindən qəbul olunmuş qərarda irqçilik təzahürlərini göstərib.
Özilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fotosu alman fanatları tərəfindən tənqidlərə məruz qalıb. DFB rəhbəri Raynhard Qrindel yaranmış vəziyyətdən sonra onu yanına çağırıb.
"Son hadisələrlə əlaqədar uzun götür-qoydan sonra ürək ağrısı ilə Almaniya yığmasında daha oynamamağa qərar verdim. Çünki mən öz ünvanıma irqçi və hörmətsiz münasibət hiss edirəm" – deyə futbolçu özünün "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, futbolçunun Türkiyə prezidenti ilə fotosu tənqidlərə səbəb olub. Lakin Özil tənqidlərə cavab verib.