"Milli komandadan dəvət almaq hər futbolçunun xəyalıdır. Ümid edirəm ki, Canni De Byazi növbəti dəfə məni yığmaya çağıracaq".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisində çıxış edən "Neftçi"nin futbolçusu Mert Çelik deyib.
21 yaşlı müdafiəçi martda dünya çempionatının seçmə oyunları vaxtı yığmada olmaq istədiyini bildirib. Çelik millinin Portuqaliya və Serbiyaya qarşı keçiriləcəyi dünya çempionatının seçmə oyunları barədə də danışıb: "Dəvət alsam, mən də matçlarda əlimdən gələni edəcəyəm. Böyük komandalara qarşı motivasiya tamam fərqli olur. Hər iki görüşdə meydana qələbə üçün çıxacağıq".
Gənc futbolçu martın 24-də Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronalduya qarşı oynamaq istədiyini də söyləyib: "Özümü üst səviyyədə olan futbolçulara qarşı oynayaraq inkişaf etdirə bilərəm. Gənc olduğum üçün böyük hücumçulara qarşı meydana çıxmaq mənə təcrübə qazandıracaq".
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Portuqaliya ilə İtaliya "Yuventus"una məxsus stadionda qarşılaşacaq. Canni De Byazinin baş məşqçilik etdiyi komanda martın 30-da Bakı Olimpiya Stadionunda Serbiyanı qəbul edəcək.