Polşa Ukrayna sərhədi yaxınlığında uçuşa qadağa zonası tətbiq etməyi planlaşdırır
- 25 noyabr, 2026
- 20:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşa hava məkanının təhlükəsizliyini artırmaq üçün ölkənin şərqində Ukrayna ilə sərhəd boyunca sutkaboyu uçuşa qadağa zonası tətbiq etmək niyyətindədir.
"Report" Polşa mediasına istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
Onun sözlərinə görə, müvafiq sərəncam artıq Nazirlər Kabinetinin işinin planlaşdırılması üzrə hökumət qrupuna göndərilib və yaxın həftələrdə o nəzərdən keçiriləcək. Sənədin dekabrın sonu və ya yanvarın əvvəlində qüvvəyə minəcəyi gözlənilir.
S.Tomçik izah edib ki, zona kiçik olacaq və sərhəddən bir neçə kilometr məsafədəki ərazini əhatə edəcək. Onun yaradılması Polşanın hərbi pilotlarına radiolokasiya məlumatları, müttəfiqlərin informasiyası, uçuş hündürlüyü və sürəti əsasında hava obyektlərinin müsbət identifikasiyası sistemindən istifadə etməyə imkan verəcək.
Nazir müavininin sözlərinə görə, bu, Polşanın hava məkanını pozan obyektlərin mümkün məhvi barədə qərarlar qəbul etməyə imkan verəcək.
O həmçinin qeyd edib ki, iki ay əvvəl Polşa NATO-da vizual tanınma zərurətindən imtina edərək müsbət identifikasiyanın xeyrinə hava obyektlərinin identifikasiyası prosedurlarını dəyişən ilk ölkə olub.