Respublika stadionunun direktoru: "Ot örtüyünə qulluğa heç kim irad tuta bilməz"

Respublika stadionunun direktoru: "Ot örtüyünə qulluğa heç kim irad tuta bilməz" "Hər mövsüm ilin bu vaxtlarında eyni problem yaşanır. Bu, ancaq mövsümlə və havaların isti keçməsi ilə əlaqədardır".
Futbol
391
23 İyul , 2021 13:16
Respublika stadionunun direktoru: Ot örtüyünə qulluğa heç kim irad tuta bilməz

"Hər mövsüm ilin bu vaxtlarında eyni problem yaşanır. Bu, yalnız mövsümlə və havaların isti keçməsi ilə əlaqədardır".

Bu fikirləri "Report"a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev arenanın ot örtüyünün hazırkı vəziyyəti barədə danışarkən deyib.

Quliyev UEFA nümayəndələrinin hər oyunda bununla bağlı yoxlanış keçirdiklərini bildirib: "Adətən, iyunun 15-dək ot örtüyü ideal səviyyədə olur. Daha sonra avqustun 25-dək belə problem yaşanır".

Direktorun sözlərinə görə, arenanı "Qarabağ" icarəyə götürdüyündən, ot örtüyünə də bu klub cavabdehdir: "Bu, bilavasitə onların məsuliyyətindədir. Ot örtüyünün yaxşı və pis vəziyyətdə olmasına icarədar cavabdehdir".

Stadion rəhbəri vurğulayıb ki, ot örtüyünün hazırkı durumu Uels yığmasının AVRO-2020-nin oyunlarına Tofiq Bəhramov adına Respublika stadionunda hazırlaşması ilə əlaqədar deyil: "Bu komandanın məşqləri 7 - 20 iyunda oldu və meydandan çox razı qaldılar. Növbəti mərhələyə adlasaydılar, yenə də hazırlıq proseslərini bu arenada keçirməyi düşünürdülər. Problemlər isə iyunun 25-dən sonra başlayır. Bu isə havaların istiləşməsi ilə bağlıdır. Bu problemin üzərində işləyirik. Çalışırıq ki, aradan qaldıraq. Hələlik hava şəraitinə görə bir nəticə əldə edə bilmirik. Əvvəlki aylarda da ot örtüyünə eyni qulluq edilirdi. Hər ay eyni qulluq edilir, dərmanlar verilir. Suvarma sistemi qaydasındadır. Necə olur ki, problem yalnız bu aylarda yaşanır? Həmin aylarda arenaya pis baxılmır. Hər il eyni vaxtda bu problemlə üzləşirik. Ot örtüyünün vəziyyəti avqustun sonlarından düzəlməyə başlayacaq".

Quliyev ot örtüyünə lazımi gübrələrin verildiyini də deyib: "Bunların hamısına nəzarət edilir. Gübrə və dərmanların hamısı verilir. Ota qulluq olunmasına heç kim zərrə qədər irad tuta bilməz. Daha əvvəl Azərbaycanda işləmiş ingiltərəli mütəxəssis Fil Şarples də arenanın ot örtüyünə qulluq edib. Onun dövründə də eyni problem yaşanıb. Başını tuturdu ki, axı, bu, necə ola bilər?! Qəbələdə ot örtüyü super, burada isə bu günə düşür. Problem ancaq hava ilə əlaqədardır".

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Qarşılaşma qolsuz heç-heçə ilə bitib.

Son xəbərlər

Orphus sistemi