"Ötən mövsüm çiyinlərimizdə böyük yük var idi və biz çempionluğu qazandıq. Hazırda da çiyinlərimizdə çox şey var. Cümə axşamı vəzifəmizi tamamlayıb, qrup mərhələsinə yüksəlməliyik".
"Report"un məlumatına görə, bu fikirləri İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar evdə "Neftçi"yə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl yerli mətbuata açıqlamasında deyib.
42 yaşlı mütəxəssis cavab qarşılaşmasında komandasına güvəndiyini bildirib: "Azarkeşlərimizin dəstəyi ilə istəyimizə çatacağımıza inanıram. Burada oynamağa layiq olduqlarını sübut edən oyunçularımız var. Mərhələni keçmək istəyirik".
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Makkabi" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş 3:3 hesabı ilə bitib.