Mahmud Qurbanov: "Bazel" "Qarabağ"ın olduğu qrupun favoriti deyil"

Mahmud Qurbanov: "Bazel" "Qarabağ"ın olduğu qrupun favoriti deyil" "Bizim oynadığımız komanda ilə indiki "Bazel" arasında çox fərq var"
Futbol
1081
15 Sentyabr , 2021 12:08
Mahmud Qurbanov: Bazel Qarabağın olduğu qrupun favoriti deyil

"Avrokuboklardakı yeganə təmsilçimizin qrupdakı ilk qarşılaşmasında qələbə qazanmasını istərdik. Rəqib isə İsveçrənin ən köklü və böyük klublarından biridir".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın veteran futbolçusu Mahmud Qurbanovun "Qarabağ"ın Bakıda "Bazel"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu barədə danışarkən deyib.

Qurbanov avrokuboklarda zəif komandanın olmadığını bildirib: "Qarabağ"ın sabah ilk matçda xal qazanması çox yaxşı olardı. Düşünürəm ki, Ağdam klubu "Bazel"lə görüşdə yaxşı nəticə əldə edəcək. Bu komandadan gözləntilər böyükdür".

"Professor" ləqəbli sabiq yarımmüdafiəçinin fikrincə, "Bazel" qrupun favoriti deyil: "Qrupda həmçinin Qazaxıstanın "Kayrat" və Kiprin "Omoniya" komandalar da var. "Bazel"in bu qrupun favoriti olduğunu düşünmürəm. İsveçrə futbolu çox güclüdür, dünən "Yanq Boyz" İngiltərə "Mançester Yunayted"ini Çempionlar Liqasında məğlub etdi. "Qarabağ" bu qrupda nə qədər çox xal və qələbə qazansa, bir o qədər yaxşıdır. Hamımız təmsilçimizin yaxşı nəticələr qazanmasını istəyirik. İlk oyunun da evdə olması əlavə üstünlükdür. Ağdam klubu Şotlandiyada "Aberdin"lə qarşılaşmadakı kimi istədiyi oyunu sərgiləyə bilsə, problem olmayacaq".

Hazırda "Neftçi-2"nin baş məşqçisi olan 48 yaşlı mütəxəssis 2009/2010 mövsümündə "Bakı"nın heyətində "Bazel"ə qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin oyunlarını xatırlayıb: "Bizim oynadığımız komanda ilə indiki "Bazel" arasında çox fərq var. Çünki neçə il vaxt ötüb. Həmin oyunun xatirələri nəticə etibarilə yadımızda yaxşı qalmayıb. Çünki onlar bizi böyük hesabla məğlub edib mübarizədən kənarlaşdırdı. Həmin vaxt həqiqətən bizdən güclü idilər. Bu səbəbdən, qalib gəldilər. "Bazel"lə bağlı yaxşı xatirəmiz də yoxdur. Rəqib İsveçrənin tanınmış klubudur. Onlar bizi məğlub edəndən sonra Avropa Liqasında uğurlu çıxış etmişdilər. Həmin vaxt belə yaxşı və köklü komandaya qarşı oynamaq bizim üçün çox çətin idi. Amma vaxt gedir və komandalar durmadan dəyişir. Yəqin ki, çoxları indiki "Bazel"in oyununa baxmayıb. Mən də necə komanda olduqlarını deyə bilməyəcəyəm. Bilinən odur ki, İsveçrənin köklü və yaxşı klublarından biridir. Nəsildəyişmə də olsa, onlar öz güclərini saxlayırlar".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq. "Bazel" 2009/2010 mövsümündə "Bakı"nı səfərdə 3:1, evdə isə 5:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi