"Burada ilk qoluma imza atdığım üçün çox xoşbəxtəm".
"Report"un məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli səfərdə "Riyeka"nı 2:1 hesabı ilə məğlub etdikləri XXX tur matçı barədə danışarkən deyib.
25 yaşlı hücumçu qarşılaşmanın çətin olduğunu bildirib: "Çox çətin oyun oldu. Hər bir xal və hər bir qələbə bizim üçün əhəmiyyətlidir. Oyuna yaxşı başlamadıq. Qol buraxdıqdan sonra sanki yuxudan ayıldıq və oyuna nəzarəti ələ almağa başladıq. İkinci hissədə qollar vurduq".
Emreli Zaqreb təmsilçisində qollara davam etmək istədiyini söyləyib: "Ümid edirəm ki, belə də davam edəcəyəm. Bu qol özüm üçün də titul qazanma baxımından çox vacibdir. Bütün komanda və azarkeşləri təbrik edirəm. Zövq almaqda davam etsinlər".
Forvard zədədən sonra ilk qolunu vurduğunu xatırladıb: "Bu qola görə Allahıma şükr edirəm. Bu, mənim üçün həqiqətən də vacib qol idi. Qorxurdum ki, zərbəm yenə qapı dirəyinə tuş gələcək (gülür). Mənə inandıqları üçün bütün komanda yoldaşlarıma, tərəfdarlara, məşqçilər heyətinə və xüsusən də köməkçi-məşqçi Sandro Perkoviçə təşəkkür edirəm. İşləməyə davam edəcəyəm. Qarşıda bizi çoxlu vacib oyunlar gözləyir. Bu gün çox ağır qarşılaşma olsa da, qalib gəlməyi bacardıq. Bu görüşü unudaraq, növbəti oyunlara hazırlaşacağıq".
"Dinamo" növbəti görüşünü aprelin 15-də evdə "İstra"ya qarşı keçirəcək. Oyuna hazırlıq üçün çox qısa müddətin olmasına baxmayaraq, Emreli bildirib ki, bu, komanda üçün bəhanə olmamalıdır: "Bu həyatı özümüz seçmişik. Ən yaxşı oyunumuzu göstərməkdə davam etməliyik".
Qeyd edək ki, "Riyeka" ilə görüşdə meydana 57-ci dəqiqədə girən Mahir Emreli 79-cu dəqiqədə bərabərlik qolunun müəllifi olub. O, 87-ci dəqiqədə sarı vərəqə alıb. 89-cu dəqiqədə isə azərbaycanlı futbolçunun sifətinə dirsək zərbəsi endirən "Riyeka"nın futbolçusu Anton Kresiçə referi VAR sisteminə müraciət etdikdən sonra qırmızı vərəqə göstərib.