Azərbaycan milli komandasının və Polşanın "Legiya" klubunun hücumçusu Mahir Emreli İdman Araşdırmalar Mərkəzinin (İAM) idman jurnalistləri arasındakı sorğuda İlin Futbolçusu seçilməməsinə münasibət bildirib.
24 yaşlı forvard "Report"a geniş müsahibəsində son 4 sorğuda qalib ola bilməməsini birmənalı qarşılaya bilmədiyini açıqlayıb.
"4-5 ildir namizəd olsam da, seçilməmişəm. Mənim üçün problem yoxdur" söyləyən Emreli vurğulayıb ki, əvvəlki illərdə jurnalistlərin seçimləri nəyə əsasən aparmaları özünə də maraqlıdır: "Mənə maraqlıdır ki, insanlar əvvəlki illərdə nəyə baxıb səs verirdilər? 2018-ci ildə mənim millidə də, “Qarabağ”da da qollarım var idi. Çempionatda ən çox fərqlənən futbolçulardan biri idim. Amma ilin futbolçusu seçilməməyim mənə qaranlıq qalmışdı. Ola bilər ki, bu il milli komanda amilinə görə Eminə üstünlük veriblər. Bəs 2018-ci ildə mənim ən yaxşı seçilməməyimdə səbəb nə idi? Əslində səbəbi bəllidir. İstər bir çox insan, istərsə də jurnalist məni özündənrazı futbolçu kimi tanıyır. Bu, 1-2 belə jurnalistin səsləndirdiyi fikirdir. Deyiblər ki, özündənrazıdır, ona görə seçilməyini istəmirik. Bunu bir futbolçuya söyləyiblər".
Hücumçu 2019-cu ildə Emil Balayevin ən yaxşı seçilməsinə də reaksiya verib: "Balayev seçiləndə millidə yalnız Xorvatiyaya qarşı oyunda qapıda durmuşdu. Həmin matçda da çox yaxşı təsir bağışlamışdı. Amma Qazaxıstanın “Tobol” klubunda uğurlu çıxış edirdi. Onunla çox gözəl münasibətim var. Bizi ölkə xaricində yaxşı təmsil etdi. Qazaxıstan çempionatı da olduqca gərgin keçir. Belə deyək: sabah mən “Qarabağ”da oynayıb millidə qollar vursaydım və buna görə ən yaxşı seçilsəydim, bu addımı doğru hesab edərdim. Amma məsələn, mən yığmada çoxlu qol vuracağam, başqa oyunçumuz ölkə xaricində çıxış etdiyi üçün ən yaxşı seçiləcəksə, nədən danışa bilərik"?
Forvard bu il Azərbaycan yığmasının baş məşqçisi Canni Byazinin seçimlərdən əvvəl Emin Mahmudov barədə açıqlamasının həlledici rol oynadığına inanmadığını söyləyib: "De Byazi “Mənə vaxt lazımdır” deyəndə ona gülürdülər, amma "İlin Futbolçusu Emin Mahmudov olmalıdır" açıqlamasını ciddiyə alırlar. Bu mənada mənə qaranlıq qalan məqamlar var".
Emreli Mahmudovun mükafata layiq olduğunu sözlərinə əlavə edib: "O, təkcə yığmada yox, “Neftçi”də də yaxşı təsir bağışladı. Avrokuboklarda qrupa düşməsələr də, komandanın çempionluğunda, mərhələ adlmasında böyük pay sahibi oldu. Həm kapitan, həm insan kimi çox gözəl xüsusiyyətə malikdir. Futbolçuluğu haqqında danışmağa ehtiyac yoxdur. Uğurlarına, bu cür titullar qazanmasına sevinirəm. Vaxtilə rəqib olsaq da, onun xətrini hər zaman çox istəmişəm. Yaşca bizdən böyükdür, qarşısında heç vaxt tərbiyəmizi pozmamışıq. Həm məsafə, həm də hörmət saxlamışıq".
Qeyd edək ki, 2018-ci ildə Mirabdulla Abbasov, 2019-cu ildə Emil Balayev, 2021-ci ildə Emin Mahmudov İlin Futbolçusu seçilib. 2020-ci ildə isə pandemiya və Vətən müharibəsi ilə əlaqədar bu nominasiyada "Zirə" klubunun şəhid futbolçusu İlqar Bürcəliyev birinci yeri tutub.