"Portuqaliya millisi qrupun favoritidir və sonadək belə qalmalıdır".
"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının sabiq futbolçusu Abel Şavyer "Lusa" nəşrinə açıqlamasında deyib.
Doğma komandasının DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Serbiya və Lüksemburqa qarşı keçirəcəyi oyunlara toxunan veteran müdafiəçi bildirib ki, rəqiblərə yuxarıdan-aşağı baxmaq olmaz: "Portuqaliya digər komandalardan üstündür. Amma rəqiblərin gücündən asılı olmayaraq, bütün matçlara eyni cür hazırlaşmaq lazımdır. Meydana hər zaman qələbə qazanmaq üçün çıxmalısan. Xüsusilə Azərbaycan və Lüksemburq kimi yığmaları qiymətləndirməmək olmaz".
Şavyerin sözlərinə görə, Portuqaliya millisinin son illərdə qazandığı uğurlar rəqiblərini qorxudur: "Düşünürəm ki, bu, normal haldır. Komanda daha böyük nailiyyətlər arzu edirsə, hazırkı tempi qorumalıdır".
1993 - 2003-cü illərdə yığmanın heyətində 20 oyun keçirmiş Abel Şavyer ölkəsinin "Benfika", Niderlandın PSV, İngiltərənin "Liverpul", Türkiyənin "Qalatasaray" və İtaliyanın "Roma" klublarının formasını geyinib.
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək oyun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.