"Buraxılan qol Daniel Amartinin səhvi idi".
"Report"un məlumatına görə, bunu İngiltərənin "Lester" klubunun sabiq futbolçusu Robbi Sevic Polşada "Legiya"ya 0:1 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup oyununda Varşava təmsilçisinin hücumçusu Mahir Emrelinin qol vurduğu epizod barədə Britaniya mətbuatına açıqlamasında deyib.
Sevic bildirib ki, müdafiəçi düzgün mövqe seçmədiyindən, hücum qolla nəticələnib: "Amarti "Legiya"nın hücumçusuna çox az təzyiq göstərdi ki, bu da ona zərbə vurmaq imkanı verdi. İkinci hissədə "Lester" təzyiqi artırandan sonra meydan sahiblərə daha 2 əla qol fürsəti yaxaladılar. Fikrimcə, rəqib layiqli qələbə qazandı".
"Lester"lə matçın 31-ci dəqiqəsində fərqlənən Mahir Emreli "Legiya"ya qələbə qazandırıb.
Qeyd edək ki, Robbi Sevic 1997 - 2002-ci illərdə "Lester"in formasını geyinib.