İspaniya La Liqasının birinci turunda “Xetafe” doğma meydanda ötən mövsümün çempionu “Barselona”nı qəbul edib.
“Report” xəbər verir ki, matçın qolsuz heç-heçə ilə başa çatmasına baxmayaraq, oyunda üç qırmızı vərəqə qeydə alınıb.
Topa sahibolma göstəricisinə görə “Barselona”nın böyük üstünlüyü (75 %) ilə keçən oyunda təhlükəli vəziyyətlərin sayı çox olmayıb. Belə ki, “Xetafe” 2, “Barselona” isə 3 dəfə qapı "çərçivəsinə" zərbə endirə bilib.
Bununla belə, futbolçular sərt oyunla yadda qalıblar. Belə ki, oyunun 42-ci dəqiqəsində qeyri-peşəkar davranışına görə “Barselona”nın vingeri Rafinya birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 57-ci dəqiqədə isə Xayme Mata ikinci dəfə sarı vərəqə alıb və oyunu tərk edib. “Barselona”nın baş məşqçisi Xavi Hernandes də meydandan qovulanlar arasında olub.
Hakim oyun zamanı ümumilikdə 12 dəfə əlini cibinə atıb. Referi final fitini 90+16-cı dəqiqədə çalıb.