Bakıda əmək yarımarkası keçirilib, 1000-dən çox vakansiya təqdim olunub
- 28 oktyabr, 2026
- 14:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Bakıda keçirdiyi əmək yarımarkasında 1000-dən çox vakansiya təqdim edib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də işəgötürənlər və iş axtaran vətəndaşlar iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev əmək yarmarkalarının aktiv məşğulluq tədbirləri sırasında əhalinin işlə təmin olunmasında səmərəli vasitələrdən biri olduğunu qeyd edib. Nazir müavini bu il ərzində təxminən 200 əmək yarmarkasının reallaşdırıldığını, bu cür aktiv məşğulluq tədbirlərinin iş axtaran vətəndaşlarla işəgötürənlər arasında bilavasitə ünsiyyətin yaradılmasına, mövcud vakansiyalarla bağlı məlumatlılığın artmasına şərait yaratdığını diqqətə çatdırıb.
Əmək yarmarkasında 150 müəssisə tərəfindən 1000-dən çox vakansiya nümayiş etdirilib. Boş iş yerlərinə müvafiq namizədlərin qeydiyyat prosesi həyata keçirilib.
Agentliyin nəzdindəki Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendləri vasitəsilə təmsil olunub.
İşsiz və iş axtaran vətəndaşlara peşə hazırlığı kursları, həmçinin bu kurslara müraciət prosedurları barədə ətraflı məlumat təqdim edilib. Bundan əlavə, yarmarka çərçivəsində Mərkəzi Karyera Filialı tərəfindən iştirakçılara peşəyönümü üzrə məsləhət xidməti ilə bağlı məlumatlandırma təlimi də təşkil olunub.