Avropanın aparıcı futbol klubları UEFA Çempionlar Liqasının (ÇL) 96 komandalıq yeni formatda keçirilməsi ideyasını irəli sürüblər.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu təşəbbüs ÇL-in 2024-cü ildəki potensial islahatlarının bir hissəsi hesab olunur. Klublar tərəfindən müzakirə olunan yeni formatda - 96 kollektivin hər birinin 6 komandadan ibarət 16 qrupa bölünməsini nəzərdə tutur.
Hər qrupda ilk 2 yeri tutan komandalar ÇL-in, 3-4-cü yerin sahibləri Avropa Liqasının, 5-6-cı sıradakılar isə 2021/2022 mövsümündə ilk dəfə təşkil olunacaq Avropa Liqası-2 turnirinin pley-off mərhələsinə vəsiqə qazanacaq. Belə olacağı halda, təsnifat mərhələləri ləğv ediləcək.
Bu məsələyə UEFA İcraiyyə Komitəsinin sentyabrdakı iclasında baxılacağı bildirilir.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin mayda İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutmuş iclasında 2024-cü ildə həyata keçirilə biləcək ÇL layihəsi təqdim olunub. Həmin vaxt bildirilib ki, layihəyə əsasən, turnirdə 8 komandadan ibarət 4 qrup olacaq və bu, oyunların sayını xeyli artıracaq.