"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım” “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”.
Futbol
5 Dekabr , 2022 11:30
Sabahın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

“Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”.

Bunu “Report”a açıqlamasında Azərbaycanda “Səbail” və “Sabah” klublarının formasını geyinmiş Konqo millisinin sabiq futbolçusu Kevin Kubemba deyib.

Hazırda Ukraynanın “Çernomorets” klubunda oynayan 29 yaşlı hücumçu Azərbaycan Premyer Liqasını hələ də izlədiyini söyləyib: “Düzü, Azərbaycana gəlməzdən əvvəl ölkə futbolundan xəbərim yox idi. Ancaq gəldikdən sonra gördüklərim məni təəccübləndirdi. Fiziki cəhətdən çox güclü liqadır, yaxşı oyunçular çıxış edir. İndi də hər həftə oyunları izləyirəm, videoicmallara baxıram”.

Kubemba gələcəkdə yenidən ölkəmizə köçməyin əleyhinə olmadığını vurğulayıb: “Azərbaycanda çox gözəl illərim oldu. Həm özüm, həm də ailəm orada xoşbəxt idik. Gələcəkdə nələr yaşanacağını bilmirəm. Amma ora qayıtmaq variantına qapalı deyiləm”.

2016-2017 mövsümündə Belçikada “Sent-Truyden”in şərəfini qorumuş Kubemba həmin ölkənin digər komandası “Gent”in UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi oyunlara da münasibət bildirib. O, 2023-cü il fevralın 16-da və 23-də baş tutacaq qarşılaşmalarda Azərbaycan çempionunun mərhələ adlamaq şansını yüksək qiymətləndirib: “Hər iki komanda üçün çox çətin olacaq. Çünki ikisi də güclü klubdur. Bu cütlükdə kimisə konkret favorit göstərə bilmərəm. Məncə, “Qarabağ”ın “Gent”i keçmək şansı heç də az deyil”.

Qeyd edək ki, Kevin Kubemba 2018-2019 mövsümündə “Səbail”in, 2019-2021-ci illərdə isə “Sabah”ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi