Şəhriyar Əliyev: "Qovulmasaydım, 5-ci penaltini özüm vurardım"

Şəhriyar Əliyev: "Qovulmasaydım, 5-ci penaltini özüm vurardım" "Rəqib sanki Bakıya gələndən fikirləşirdi ki, görüş heç-heçə bitsin və qalib penaltilərdən sonra bilinsin. "Laçi"nin qapıçısı oyun ərzində çox yaxşı oynadı. Vüsal İsgəndərlinin iki yaxşı zərbəsini çıxartdı".
Futbol
272
1 Sentyabr , 2020 10:40
Şəhriyar Əliyev: Qovulmasaydım, 5-ci penaltini özüm vurardım

"Rəqib sanki Bakıya gələndən istəyirdi ki, görüş heç-heçə bitsin və qalib penaltilərdən sonra bilinsin. Onların qapıçısı oyun ərzində çox yaxşı çıxış etdi, Vüsal İsgəndərlinin iki yaxşı zərbəsini çıxartdı".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Şəhriyar Əliyev Avropa Liqasının I təsnifat mərhələsində Albainiya "Laçi"sinə penaltilər seriyasında uduzduqları matç barədə danışarkən deyib. 

28 yaşlı müdafiəçi penalti seriyasında hər iki komandanın şansları bərabər olur: "Penaltilərdə qalib gələ və ya məğlub ola bilərsən. Rəqib isə ilk dəqiqələrdən bu barədə düşünürdü. Qolu oyunda vurmalıyı idik, amma bacarmadıq. Şanslarımız olsa da, yararlana bilmədik. Rəqib azlıqda qalanda çox çalışdıq, lakin onları cərimə meydançalarından çıxarmağa müvəffəq olmadıq. Müdafiəçiləri cərimə meydançasının içərisində idi, hücumçuları mərkəz xəttindən arxada dayanırdı. Vallah, içəri girmək olmurdu. Topu saxlayıb, qapıya zərbələr vurmaq istəyirdik. Şanslarımız oldu, bəzən 1-2 metrdən dəqiq zərbə vura bilmədik. Zərbələrdən biri qol olsaydı, rəqib açıq futbol oynayardı. Onlar 72-ci dəqiqədə aldıqları qırmızı vərəqədən sonra müdafiədə oturdular və əks-hücumlara üstünlük verdilər".

Təcrübəli oyunçu 112-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq, meydandan qovulduğu epizoddan da danışıb: "Rəqib cinahdan hücum edirdi. Üstümə gələndə elə bildim ki, İlkin Qırtımov irəlidədir. Düşündüm ki, məni keçəndən sonra qapıya zərbə vurar. Ona görə də qırmızı vərəqə aldım. Gərək əvvəlcədən o şansı "Laçi"yə yaratmazdıq. Məni keçəndən sonra ayağımı uzatdım ki, getməsin. Özümüz hücuma çox atılmışdıq, rəqib isə bizi əks-hücumda yaxalamağa çalışırdı".

Əliyev penaltilər seriyası zamanı komanda yoldaşlarından bəzilərinin "ağ nöqtə"yə yaxınlaşmaq istəmədiyinə dair iddialarla bağlı isə bunları bildirib: "Mən qırmızı vərəqə aldım, ona görə də aşağıda oturmağa icazə vermədilər. Oyunun qalan hissəsinə jurnalistlərin yanından baxdım. Dəqiq heç nə eşidə bilmirdim. Amma oyundan əvvəl iki gün məşqlərdə penalti vurmuşduq. Son penalti epizodundan nələrin baş verdiyini bilmirəm, çox kənarda idim".

Müdafiəçi "Matç penaltilərə gedəcəyi təqdirdə, kimlərin vuracağı əvvəlcədən bəlli idimi?" sualına belə cavab verib: "90 dəqiqə ərzində penalti olsaydı, Rəhman Hacıyev, Vüsal İsgəndərli və ya mənim vuracağım deyilmişdi. Səhv etmirəmsə, bir də Dmitri Klots idi. Oyundan sonra isə mən orada yox idim, vallah bilmədim ki, kimləri müəyyənləşdiriblər. Yuxarıdan baxırdım. Məni heç ehtiyat oyunçular skamyasında əyləşməyə də qoymadılar. Dedilər ki, azarkeşlər üçün olan yerdən baxmalısan. Bu səbəbdən, görə bilmədim. Biz ilk dəqiqədən istəyirdik ki, oyunun taleyini penaltilər seriyasına saxlamayaq, ələ düşən şanslarımızı dəyərləndirək. Məşqlər bitəndə penaltilər vururduq, demək olar ki, hamı dəqiq yerinə yetirirdi. Qırmızı vərəqə almasaydım, bəlkə də beşincini özüm vuracaqdım. Sosial şəbəkələrdə oxuyuram, yazırlar ki, 5-ci penaltini vurmağa qorxublar. Mən orada olsaydım, özüm vuracaqdım. Sadəcə elə oldu ki, qırmızı vərəqə aldım". 

Əliyev kapitan Qırtımovun son penaltini dəqiq yerinə yetirə bilməməsinə də toxunub: "Bu, lotoreyadır. Onların qapıçısı həmin oyunun taleyini həll etdi. 90 dəqiqə ərzində qurtarışlar etdi, deməzdim ki, İlkin inamsızlıqdan və ya qorxduğu üçün vura bilmədi". 

Qeyd edək ki, "Laçi" əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda "Keşlə"ni penaltilərlə üstələyib - 5:4.

Son xəbərlər

Orphus sistemi