"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq" "Kəpəz" klubunun İdarə Heyətinin (İH) sədri İlqar Nadirinin "Report"a müsahibəsi
Futbol
22 Dekabr , 2022 17:06
Kəpəzin İdarə Heyətinin sədri: Neqativ hal olub, dərhal aradan qaldırmışıq

"Kəpəz" klubunun İdarə Heyətinin (İH) sədri İlqar Nadirinin "Report"a müsahibəsi

- Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edən "Kəpəz" mübarizəni dayandırdı. Sizcə, komandanın yarımfinala çıxmasına kim və ya nə mane oldu?

- Doğrudan da qərb derbisinin adına layiq mübarizə oldu. Amma təəssüf ki, baş hakim Rəvan Həmzəzadənin son dəqiqələrdəki qərarı matçın taleyinə ciddi şəkildə təsir göstərdi. İstənilən halda maraqlı qarşılaşma alındı. Futbolda belə hallar olur. Futbolçularımız həqiqətən çox əziyyət çəkdilər. Belə olmasını istəməzdik. Oyun dramatik şəkildə başa çatdı.

- Referi son dəqiqələrdəki məlum epizodun təkrarına VAR-da baxsa da, yenə qərarını dəyişmədi. Bəziləri iddia edirlər ki, mümkün qayda pozuntusundan öncə top "Kəpəz"in hücumçusunun qoluna dəymişdi və baş hakim də 11 metrlik cərimə zərbəsini məhz bu səbəbdən təyin etmədi. Bu fikirlərlə razılaşırsınız?

- VAR-a birbaşa mümkün penalti epizoduna görə baxıldı. Çünki cərimə meydançasından kənarda hər hansı əllə oynama olarsa, buna görə VAR-a müraciət etmirlər. Açıq-aşkar penalti idi. Futbol mütəxəssisləri, keçmiş hakimlərdən də soruşmuşam. Hamısı bildirib ki, hakim penalti təyin etməliydi. Niyə verilmədi, bu, artıq sual doğurur. Açığı, nə deyəcəyimi bilmirəm. Sadəcə, bizim üçün çox pis hal oldu.

- Sizcə, hakimin qərarında hər hansı qərəz var idi? Yoxsa bu, sırf səhvdən qaynaqlanır?

- İnanmaq istərdim ki, orada qərəz olmayıb. Bunun sırf səhvlə bağlı olduğuna inanmaq istəyirəm.

- Həmin epizodla bağlı AFFA Hakimlər Komitəsinə müraciət etmisiniz?

- Müraciət edəcəyik. Hakimlər Komitəsi klubumuza rəsmi olaraq cavab versin ki, orada hansı səbəbdən penalti təyin edilmədi. Bu qədər xərc çəkilib VAR sistemi gətirilirsə, mübahisəli epizoda yenidən baxılıb düzgün qərar verilmirsə, videotəkrara nə ehtiyac var ki?

- "Kəpəz"in bu mövsüm titul qazanmaq üçün yeganə ümid yeri ölkə kuboku idi. Yəqin ki, bundan sonra bütün gücünüzü Premyer Liqaya qoyacaqsınız. Hədəf nə olacaq?

- Bu mövsüm Premyer Liqada möhkəmlənmək tək bizim yox, bir çox komandanın əsas hədəfidir. Gələn il üçün daha iddialı komanda formalaşdırmaq istəyirik.

- Tərlan Əhmədov 4 aya yaxındır "Kəpəz"in sükanı arxasındadır. Komanda Azərbaycan Kubokunda mübarizəni dayandırıb, Premyer Liqada isə son pillələrdə gedir. Bu mənada, baş məşqçinin işini necə dəyərləndirirsiniz?

- Baş məşqçinin işini tam dəqiq qiymətləndirmək üçün ona vaxt vermək lazımdır. Bunu qısa zamanda etmək düzgün olmaz. Ona görə də bir qədər gözləməliyik ki, baş məşqçi öz istədiklərini meydanda reallaşdırsın.

- İndiyədə qədər olan dövr üçün Tərlan Əhmədovun işindən razısınız?

- Bu, tək mənim fikrim deyil. Burada İdarə Heyəti də var. Tərlan Əhmədov qarşılıqlı razılıq əsasında komandaya gətirilib və ona şans verilib. İnanırıq ki, etimadı doğruldacaq.

- Son vaxtlar "Kəpəz"in adı müxtəlif qalmaqallarda hallanır. Xüsusilə də əvəzedici komandaya göndərilən futbolçular baş məşqçi barədə ciddi ittihamlar səsləndirirlər. Son olaraq, Əfran İsmayılov Tərlan Əhmədov barədə şok effekt yaradan açıqlamalar verib. Onun sözlərinə görə, 51 yaşlı mütəxəssis futbolçuları cərimələyir, onlardan pul yığır. Əslində kifayət qədər ciddi ittihamlardır. Klub rəhbəri kimi bu məsələni araşdırmısınız ki, həqiqətən belə bir şey var, yoxsa sadəcə, şayiədir?

- Açığı, bu mövzuda açıqlama vermək istəməzdim. Sadəcə, onu deyim ki, neqativ hal olub, dərhal aradan qaldırmışıq.

- Neqativ hal deyərkən, konkret olaraq, nəyi nəzərdə tutursunuz?

- Futbolçu və baş məşqçi arasında olan narazılığın mətbuata çıxması klub olaraq, bizim üçün heç də xoş deyil. Buna görə fikir bildirmək istəmirəm.

- Sizi başa düşürəm. Sadəcə, klub ətrafında çox söz-söhbət var. Bunlara aydınlıq gətirsəniz, daha yaxşı olmazdımı?

- Bizim də marağımızdadır ki, klub ətrafında bu cür söz-söhbətlər olmasın. Qalmaqallarda "Kəpəz"in adının çəkilməsini istəmirik.

- Futbolçuların açıqlamalarından sonra tərəflərlə rəhbərlik səviyyəsində görüş olub?

- Bəli, hər iki tərəflə danışıq olub. İnanırıq ki, bu söhbətlər müsbət nəticə verəcək.

- Belə başa düşdüm ki, bu məsələlər hələlik həllini tapmayıb...

- Tam həllini tapmayıb. Baş məşqçi mövsümün ortasında göndərmək istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib. Oyunçuların adları artıq məlumdur. Çalışırıq ki, bu məsələni qaydalar çərçivəsində həll edəcək.

- Rauf Əliyev və Əfran İsmayılov mətbuata müsahibələrində bildirib ki, "Kəpəz"lə cari mövsümün sonunadək müqavilələri var və komandanı tərk etmək fikrində deyillər. Bu məsələ necə tənzimlənəcək?

- Onların klubla müqavilələri var. Əməkdaşlığa xitam verilməsi ilə bağlı idman direktoru futbolçularla danışır. Onların digər klublara keçməsi və ya icarəyə verilməsi də gündəmdədir. Son nəticəni yaxın günlərdə biləcəyik.

- Həmin futbolçulardan başqa, daha kimlərin "Kəpəz"dən göndəriləcəyi gözlənilir?

- Siyahı tam yekunlaşmayıb. Amma əlavə futbolçular da var. İndi hansısa oyunçunun adını açıqlasaq, klub üçün əlavə problemlər ola bilər. Necə ki, son günlərdə Rauf və Əfranın mətbuata açıqlamaları fonunda bunu gördük. Bu mənada, sayı çoxaltmaq istəmirik (gülür).

- Komanda qış təlim-məşq toplanışını harada keçirəcək? Ümumiyyətlə, plan bəllidir?

- Yanvarın 7-də komanda Türkiyənin Antalya şəhərində toplanışa başlayacaq. Hazırlıq prosesi ayın 18-dək davam edəcək. 3 yoxlama oyunu nəzərdə tutulub. Yəqin ki, qısa zamanda onların da adları mətbuata açıqlanacaq.

- Bəs transfer məsələsi nə yerdədir?

- Əsasən gənclərə şans vermək istəyirik. Bir neçəsi ilə danışıqlar başlayıb. Bir legioner - Juninyo Maranhense isə artıq komandaya qoşulub.

Son xəbərlər

Orphus sistemi