Yaxın gələcəkdə "Neftçi"nin yeni layihələri olacaq.
"Report"un məlumatına görə, bu barədə klubun prezidenti Kamran Quliyev jurnalistlərə açıqlamasında bildirib. O, hazırda həm avrokuboklarda çıxışları qarşılığında UEFA-dan, həm futbolçu satışlarından, həm də sponsorlardan pul qazandıqlarını söyləyib: "Sponsor dəstəyi 60 faizdirsə, qalan 40 faizlik gəlirimiz kommersiya yönümlüdür. Bura baş sponsorun ödənişləri aid deyil. Məqsədimiz faiz göstəricilərini bərabərləşdirməkdir".
Daha sonra Quliyev Türk Hava Yolları Təlim-Məşq Bazasında görülmüş işlərlə bağlı məlumat verib: "Binanın tikintisi artıq 4 ay əvvəl başa çatıb. Amma içərisindəki işlərə hələ başlanılmayıb. Dizayn, avadanlıq seçimi qalıb. Yaxın vaxtlarda akademiya binasının tikintisinə fəal şəkildə başlanılacaq. Əsas binanın nə vaxt ərsəyə gələcəyini əlimizdə qrafik olduqdan sonra deyə bilərəm".
O, "Neftçi"nin hazırkı mövsümdəki çıxışını müsbət qiymətləndirib: "Azərbaycan Premyer Liqasında işlər yaxşı gedir. İstənilən kollektiv çox sıx qrafikdə çıxış etdikdə zədələr olur. Milli komandanın oyunlarını da nəzərə almalıyıq. Təkcə Emin Mahmudov deyil, Mamadu Kane və U-21 millisinin üzvləri də yığmalara dəvət alırlar. Çempionatın əvvəli bizim üçün həmişə çətin olur. Bunu əvvəlki illərdə də görmüsünüz. Amma məncə, komandamız hazırda yaxşı formadadır və ardıcıl qələbələr də bunun sübutudur".
Qeyd edək ki, hazırda "Neftçi" 6 oyundan 13 xalla 2-ci pillədə gedir və lider "Qarabağ"dan 1 xal geridə qalır.