“Qəbələ”nin şimali makedoniyalı futbolçusu İsnik Alimi peşəkar karyerasına 2011-ci ildə ölkəsinin “Orxid” klubunda başlayıb.
28 yaşlı yarımmüdafiəçi ardından Xorvatiyada qısa müddət oynadıqdan sonra İtaliyaya yollanıb və uzun müddət orada çıxış edib.
2014/2015 mövsümünü “Kyevo”da keçirən Alimi oradan “Atalanta”ya keçib. Ancaq Berqamo təmsilçisi 2021-ci ilə qədər onu müxtəlif klublara icarəyə verib.
İsnik “Qəbələ”yə 2021-ci ilin yayında məhz “Atalanta”dan keçib.
Bu mövsüm “Qəbələ”nin heyətində keçirdiyi 21 oyunda 7 qola imza atan İsnik Alimi “Report”un suallarını cavablandırıb.
- “Qəbələ” üçün mövsümün ilk yarısını necə dəyərləndirmək olar?
- Açığı, bunu necə düzgün ifadə edəcəyimi bilmirəm. Amma əminəm ki, bu komanda daha çox şey edə bilər. Mövsümün ikinci yarısının daha yaxşı alınacağına inanıram.
- On səkkiz oyunun yalnız 7-də qalib gəlmək zəif nəticə deyil?
- Problem ondadır ki, qələbə qazanmalı olduğumuz bir çox matçdan heç-heçə ilə ayrıldıq. Həmin görüşlərdə qalib gəlsəydik, indi turnir cədvəlindəki mövqeyimiz daha yüksək olardı. Xüsusən də, aşağı sıralarda qərarlaşan komandalarla qarşılaşmalardakı xal itkilərini qeyd etməliyəm.
- İlk “4-lük”dən kənarda qalmağınızı bununla əlaqələndirirsiniz?
- Düşünürəm ki, indi hansı mövqedə qərarlaşmağımız vacib deyil. Əsas mövsümün sonudur və buna da hələ çox vaxt var. Premyer Liqada bizi qarşıda daha 18 oyun gözləyir. Bizim üçün önəmli olan məsələ mövsümün sonundakı mövqeyimizdir.
- Dörd heç-heçə və 7 məğlubiyyətiniz var. Hansı matçlardakı xal itkiləri sizi daha çox üzdü?
- Əksər görüşlərdə çoxsaylı qol imkanlarını əldən verdik. Təəssüf ki, həmin fürsətləri dəyərləndirə bilmədik. Məncə, qol yollarında daha yaxşı olmalıyıq.
- Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ” kimi rəqibi üstələdiniz. Finala çıxmaq və kuboku qazanmaq şanslarını necə qiymətləndirirsiniz?
- Bəli, “Qarabağ”a qarşı oyunlarda çox enerji sərf etdik. Çətin olsa da, mərhələ adlamağı bacardıq. Kubok görüşləri çox çətin olur. İndi ilk hədəfimiz finala adlamaqdır. Bunun üçün yarımfinalda “Səbail”i məğlub etməliyik. Digər iştirakçılar kimi, bizim də məqsədimiz kuboku qazanmaqdır.
- Razısınız ki, avrokuboklara vəsiqə qazanmaq baxımından ən asan yol ölkə kubokunu qazanmaqdır?
- Niyə ki? Premyer Liqada hələ çox oyun var. Fikrimcə, çempionatda ilk “üçlüy”ə düşə bilərik. Amma bunun üçün qarşıdakı görüşlərdə daha çox qələbə qazanmaq lazımdır.
- Bildirdiniz ki, ilk “üçlüy”ə düşə bilərsiniz. Bunun üçün heyətdə çox dəyişiklik olmalıdır?
- Klub rəhbərliyinin və məşqçilər korpusunun qərarlarına qarışa bilmərəm. Onlar nə etməli olduqlarını yaxşı bilirlər.
- Qısamüddətli tətili necə keçirəcəksiniz?
- Ailəmlə birlikdə keçirəcəyəm. Evdə sevdiklərimin əhatəsində olacağam.