İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib

Futbol
  • 19 yanvar, 2025
  • 18:48
İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib

İngiltərə Premyer Liqasının XXII turunda “Mançester Siti” “İpsviç”i qəbul edib.

“Report” xəbər verir ki, “Portman Road”da reallaşan matçı Samuel Berrot idarə edib.

Oyunda hesab 27-ci dəqiqədə açılıb: ingiltərəli Fil Foden “şəhərlilər”in ilk qolunu vurub. Növbəti qol cəmi üç dəqiqə sonra qeydə alınıb. Bu dəfə Mateo Kovaçiç Fil Fodenin ötürməsindən maksimum yararlanıb. Birinci hissədə sonuncu qol 42-ci dəqiqədə vurulub: Fil Foden Kevin De Bruynenin ötürməsindən sonra dubla imza atıb.

Xosep Qvardiolanın yetirmələrinin "qol yağışı" ikinci hissədə də davam edib. 49-cu dəqiqədə Ceremi Doku qolların sayını 4-ə çatdırıb. Belçikalıya dəqiq ötürməni onun həmvətəni Kevin De Bruyne verib. 57-ci dəqiqədə qonaqların bombardiri Erlinq Holann Dokunun ötürməsini dəyərləndirib. Matçda son nöqtəni isə Kovaçiçin ötürməsindən sonra 69-cu dəqiqədə Ceyms Makti qoyub.

Beləliklə, “İpsviç” doğma meydanda “Mançester Siti”yə 0:6 hesabı ilə məğlub olub.

Bu qələbə ilə xallarını 38-ə çatdıran “şəhərlilər” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “İpsviç” isə 18-ci pillədə qərarlaşıb. Liqada qalmaq uğrunda mübarizə aparan “traktorçular”ın cəmi 16 xalı var.

Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted” öz meydanında “Brayton”a məğlub olmuşdu. Eyni aqibətlə “Tottenhem” və “Sauthempton” da üzləşib.