İngiltərə Premyer Liqası: “Liverpul” inamlı qələbə qazanaraq “Çelsi” ilə xal fərqini 7-yə çatdırıb
- 26 dekabr, 2024
- 22:12
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının XVIII turunda lider “Liverpul” autsayder “Lester”i qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Darren Bondun idarə etdiyi matç “Enfild”də baş tutub.
Hesabı qonaqlar açıb. 6-cı dəqiqədə Cordan Ayyu dəqiq zərbə ilə topu tora qovuşdurub. “Qırmızılar”ın cavabı birinci hissəyə əlavə edilmiş vaxtda gəlib. Kodi Qakpo Aleksis Makallisterin ötürməsindən maksimum yararlanıb – 1:1.
İkinci hissə “Liverpul”un böyük təzyiqi ilə başlayıb. 49-cu dəqiqədə ingiltərəli yarımmüdafiəçi Körtis Cons hesabı “qırmızılar”ın lehinə dəyişib – 2:1. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə misirli hücumçu Məhəmməd Salah qoyub – 3:1.
Beləliklə, bu qələbə ilə “Liverpul” zirvədəki yerini bərkidib. Arne Slotun komandasının hesabında 42 xalı var. Komanda ən yaxın təqibçisi “Çelsi”ni 7 xal qabaqlayır. Bundan başqa, Mersisayd təmsilçisinin ehtiyatında bir oyun var.
Yüksək liqada qalmaq uğrunda mübarizə aparan “Lester” isə 18 oyundan sonra 18-ci pillədə qərarlaşıb. Komandanın hesabında cəmi 14 xal var.
Favoritlərdən “Çelsi” gözlənilmədən məğlub olaraq çempionluq şanslarını azaldıb. “Mançester Siti”nin isə uğursuzluq seriyası davam edir. “Şəhərlilər” bu dəfə “Everton”a qalib gələ bilməyib – 1:1. Xosep Qvardiolanın yetirmələri 28 xalla 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, daha əvvəl “Opta”nın superkompüteri “Liverpul”un çempionluq şanslarını yüksək qiymətləndirmişdi.