İngiltərə Premyer Liqası: “Liverpul” inamlı qələbə qazanaraq “Çelsi” ilə xal fərqini 7-yə çatdırıb

İngiltərə Premyer Liqası: “Liverpul” inamlı qələbə qazanaraq “Çelsi” ilə xal fərqini 7-yə çatdırıb İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində lider “Liverpul” autsayder “Lester”i qəbul edib.
Futbol
26 dekabr 2024 22:12
İngiltərə Premyer Liqası: “Liverpul” inamlı qələbə qazanaraq “Çelsi” ilə xal fərqini 7-yə çatdırıb

İngiltərə Premyer Liqasının XVIII turunda lider “Liverpul” autsayder “Lester”i qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Darren Bondun idarə etdiyi matç “Enfild”də baş tutub.

Hesabı qonaqlar açıb. 6-cı dəqiqədə Cordan Ayyu dəqiq zərbə ilə topu tora qovuşdurub. “Qırmızılar”ın cavabı birinci hissəyə əlavə edilmiş vaxtda gəlib. Kodi Qakpo Aleksis Makallisterin ötürməsindən maksimum yararlanıb – 1:1.

İkinci hissə “Liverpul”un böyük təzyiqi ilə başlayıb. 49-cu dəqiqədə ingiltərəli yarımmüdafiəçi Körtis Cons hesabı “qırmızılar”ın lehinə dəyişib – 2:1. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə misirli hücumçu Məhəmməd Salah qoyub – 3:1.

Beləliklə, bu qələbə ilə “Liverpul” zirvədəki yerini bərkidib. Arne Slotun komandasının hesabında 42 xalı var. Komanda ən yaxın təqibçisi “Çelsi”ni 7 xal qabaqlayır. Bundan başqa, Mersisayd təmsilçisinin ehtiyatında bir oyun var.

Yüksək liqada qalmaq uğrunda mübarizə aparan “Lester” isə 18 oyundan sonra 18-ci pillədə qərarlaşıb. Komandanın hesabında cəmi 14 xal var.

Favoritlərdən “Çelsi” gözlənilmədən məğlub olaraq çempionluq şanslarını azaldıb. “Mançester Siti”nin isə uğursuzluq seriyası davam edir. “Şəhərlilər” bu dəfə “Everton”a qalib gələ bilməyib – 1:1. Xosep Qvardiolanın yetirmələri 28 xalla 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, daha əvvəl “Opta”nın superkompüteri “Liverpul”un çempionluq şanslarını yüksək qiymətləndirmişdi.

Son xəbərlər

Orphus sistemi