İngiltərə Premyer Liqasının XX turunda “Vulverhempton” “Nottinqem Forest”i qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Piter Benksin idarə etdiyi matç “Molinyu Stedium”da baş tutub.
Oyunda hesab erkən açılıb. Atıq 7-ci dəqiqədə Morqan Gibb-Uayt “meşəçilər”in ilk qoluna imza atıb. Birinci hissədə növbəti qol 44-cü dəqiqədə vurulub. Kris Vud fərqi iki topa çatdırıb. Matçda son nöqtəni isə nigeriyalı Tayvo Avonyi 4-cü uzatma dəqiqəsində qoyub. Beləliklə, “Nottinqem Forest” səfərdə 3:0 hesablı qələbəyə sevinib.
“Vulverhempton”un 20 oyundan sonra cəmi 16 xalı var. Portuqaliyalı mütəxəssis Vitor Pereyranın komandası turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. “Meşəçilər” isə tarix yazmağa davam edirlər. Mövsümün əvvəlində liqada qalmaq uğrunda mübarizə aparacağı təxmin olunan “Nottinqem Forest”in 40 xalı var. Portuqaliyalı baş məşqçi Nunu Santunun komandası ikinci pillədə qərarlaşan “Arsenal”la xallarını bərabərləşdirib.
Premyer Liqanın lideri isə hesabında 46 xal olan Arne Slotun başçılıq etdiyi “Liverpul”dur. “Qırmızılar” son matçda “Mançester Yunayted” səddini aşa bilməyiblər.