"Bu, mənim üçün, həqiqətən də, xoşagələn haldır. Çünki ilin futbolçusu seçilmək qapıçı üçün çətin məsələdir. Ən çox meydan oyunçuları seçilir. Müdafiəçi, hücumçu və yarımmüdafiəçilər bu ada layiq görülür. Amma mən qapıçı olaraq seçildiyim üçün şadam. Məni bu ada layiq görən hər kəsə təşəkkür edirəm".
"Report"un məlumatına görə, bu fikirləri İdman Araşdırmalar Mərkəzinin sorğusu nəticəsində ilin futbolçusu seçilən Azərbaycan millisinin və Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayev deyib.
25 yaşlı qolkiper 2019-cu ilin özü üçün xüsusi önəm kəsb etdiyini bildirib: "Mənim üçün yaddaqalan oldu. Milli komandada debütüm bu il reallaşdı. Buna görə "Tobol"un rəhbərliyinə, məşqçi heyətinə təşəkkür edirəm. Çünki onlar mənə dəstək oldular. "Tobol"dakı çıxışıma görə yığmada şans qazandım. Bilmirəm ki, məni bu mükafata millidə və ya klubdakı çıxışıma görə layiq görüblər. Onu dəqiq deyə bilmərəm. Təbii ki, klubun böyük əməyi var. Oradakı çıxışıma görə millidə forma geyinə bildim. Çalışdım ki, bundan da maksimum istifadə edim. Debütüm də uğurlu alındı".
Balayev erməni Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması barədə də fikirlərini bölüşüb: "Hazırda "Tobol"da qalıb-qalmayacağımla bağlı nəsə deyə bilmərəm. Çünki mən peşəkar futbolçuyam və müqaviləm var. Müqaviləm məşqçi ilə deyil, klubladır. Bu sözləşmə bir il daha davam edir. Azərbaycan və Qazaxıstan çempionatları arasında fərq var. Qazaxıstanda yazdan qışa qədər keçirilir. Mən hazırda istirahətdəyəm deyə, klubla əlaqəyə çıxmamışam. Ona görə də dəqiq bir söz deyə bilməyəcəyəm".
Qapıçı "Tobol"da qalacağı təqdirdə karyerasında eniş yaşaya bilməsi ehtimalına da toxunub: "Onu qabaqcadan deyə bilmərəm. Bu barədə danışmaq bir az qəliz məsələdir. Nə olsa belə, "Tobol" rəhbərliyi həmişə mənə hörmətlə yanaşır. Peşəkar müqavilə varsa, qarşılıqlı öhdəliklər yerinə yetirilməlidir. Bizdə isə klub rəhbərliyi ilə qarşılıqlı hörmət var. Necə olacağı barədə düşünməmişəm. Həyatda hər şey mümkündür. Gözlənilməz nəsə baş verə bilər. İndidən danışmaq düzgün deyil".
Babayev başqa klublardan təklif alıb-almaması ilə bağlı sualı da cavablandırıb: "Futbol elə bir idman növüdür ki, agentlər və menecerlər var. Təklif olsa belə, birbaşa mənimlə əlaqəyə çıxan şəxslər yoxdur".