"Azərbaycan Premyer Liqası haqqında indiyədək geniş məlumat toplamamışam. Hələ burada az oyun keçirmişəm. Fikrimcə, çempionat yavaş-yavaş inkişaf edir. Əlbəttə, bundan da güclü liqalar var".
"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində deyib.
35 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatında gənclərin inkişaf etdiyini bildirib: "Burada futbolu sevən azarkeş çoxdur. Bu atmosfer və investisiyalar çempionatın inkişafına kömək edir".
Honda yeni komandasının çempionluq şanslarından da danışıb: "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir. Bunu hər zaman, xüsusilə də meydanda hiss edirəm. Topu özümüzdə saxlayır, dominantlıq edirik. "Qarabağ"ın ardıcıl 5-6 ildir (əslində 7 ildir - red.) çempion olduğunu eşitmişəm. Amma bizim də şansımız var. Düzdür, asan deyil. Amma mən çempion olmaq istəyirəm".
Yaponiyalı oyunçu daha əvvəl Azərbaycan haqqında heç vaxt eşitmədiyini diqqətə çatdırıb: "Onu bilirdim ki, yoldaşlıq oyununda bu ölkənin yığması ilə üz-üzə gəlmişik. Amma oyunda baş verənləri xatırlamıram. Yaddaşım o qədər də yaxşı deyil. Ona görə demək olar ki, heç nə yadımda qalmayıb. Hətta qol vurduğum görüşləri belə, unutmuşam. Bakı şəhəri və buradakı mədəniyyət barədə məlumatım yox idi. Sadəcə, Bakının küləklər şəhəri olduğunu eşitmişdim. Paytaxtınız xoşuma gəlir. Bu, mənim üçün yeni mədəniyyətdir. Buraya uyğunlaşmaq lazımdır və bu, məndə alınır".
Honda Azərbaycan Premyer Liqasında ilk qolunu "Keşlə"ni səfərdə 3:0 hesabı ilə məğlub etdikləri XXV tur matçında vurub. O, qələbəni qol vurmasından daha vacib saydığını bildirib: "Hər matçda fərqlənmək şansım olur. Hərdən böyük oyunçular imkanlardan istifadə edə bilmir. Bəlkə də növbəti qarşılaşmalarda yenə fərqləndim. Ayağımın açılması üçün bir qol bəs edir. Mənim üçün əsas məsələ qələbə qazanmaqdır. Şanslarım var idi. Bu imkanlar baxımlı hücumlar nəticəsində yaranmışdı. Bu, mənim üçün qol və ötürmədən daha vacibdir. Düzdür, qol və məhsuldar ötürmələr də lazımdır. Bu proses nəticədən daha önəmlidir. Hamı nəticəyə baxır, mən bununla razı deyiləm. Təbii ki, şəxsi fikrimdir".