"Komandada yaxşı atmosfer var. Bu, məşqlərdə də görünür. Hamı bu oyunu gözləyir. Biz hazırıq".
"Report"un məlumatına görə, bunu Finlandiyanın HİK komandasının futbolçusu Lukas Linqman klubun rəsmi saytına açıqlamasında evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Yarımmüdafiəçi bildirib ki, meydanda öz oyunlarını sərgiləyəcəklər: "Güclü, kompakt komandamız var. Yaxşı müdafiə olunub, fərqli hücumlar qura bilirik. Düşünürəm ki, maraqlı görüş olacaq. Mərhələni keçmək həm də maliyyə baxımından vacibdir. Buna görə də pley-offa vəsiqə qazanmaq istəyirik".
Qeyd edək ki, bu gün Helsinkidəki "Bolt Arena"da keçiriləcək HİK-Neftçi qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.