Hakimlər Komitəsinin sədri Rəşad Sadıqovun iradlarına cavab verib

Hakimlər Komitəsinin sədri Rəşad Sadıqovun iradlarına cavab verib "VAR sisteminə nəzarət edən Nicat İsmayıllı çox yaxşı iş gördü".
Futbol
22 Avqust , 2022 22:32
Hakimlər Komitəsinin sədri Rəşad Sadıqovun iradlarına cavab verib

"VAR sisteminə nəzarət edən Nicat İsmayıllı çox yaxşı iş gördü".

"Report"un məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun "Sumqayıt"la qolsuz he-heçə etdikləri Premyer Liqanın III tur matçının VAR (video-köməkçi hakim - red.) hakimi Nicat İsmayıllı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Türkiyəli mütəxəssis referinin doğru addım atdığını söyləyib: "Rəşad Sadıqova hörmət edirəm. Əslində özünün də dediyi kimi, hər şey necə olmalı idisə, elə də oldu. Hakimlərimiz qaydalara tam əməl edir, hər şeyi görürlər. Mövsüm öncəsi klublara təlim keçdik. Ola bilsin, öz fikirlərimizi onlara tam çatdıra bilməmişik. Yenidən təlim keçiləcək. Bilirəm ki, baş məşqçilər yenə etiraz edəcəklər. Hakimlərimiz tam hazırdırlar. Lakin VAR-la bağlı təcrübəsizdirlər. Gələn il daha yaxşı şeylərdən danışacağıq".

Mübahisəli epizoda komanda üzvlərinin hakimlərlə birlikdə baxmalarına da toxunan Şimşek həmin anda sarı vərəqəyə əl atmayan Rəvan Həmzəzadəni tənqid edib: "Belə şeylərə diqqət etmək lazımdır. Hakimlər qətiyyətli olmalıdır. Bu cür hallarda, lazım gələrsə, qırmızı vərəqə göstərməlidirlər. Hakim epizoda baxarkən ona müdaxilə etmək olmaz".

Onun sözlərinə görə, hazırda ən böyük problem vaxtla bağlıdır: "Qısa vaxtda qərar verilməlidir. Amma dediyim kimi, indiki halda bu normaldır. Ədalət istəyiriksə, bunun bədəli zamandır. Başqa yolu yoxdur. Bəlkə gələcəkdə bu vaxt itkisini, hətta hakimləri də aradan qaldıracaq yeni sistem yaradıldı. Razıyam, epizodun dəyərləndirilməsi uzun çəkdi. Bu, təkcə "Zirə"nin baş məşqçisi ilə bağlı deyil. Hakimlər bir-birilərini başa salmaqda çətinlik çəkirdilər".

Şimşek VAR-ın ilk 3 turdakı işindən razı qaldığını vurğulayıb: "Biz epizodlara fərqli gözlə baxırıq. Məncə, ilk 3 tur uğurlu keçdi. Düzdür, səhvlərimiz oldu, amma bunu normal qarşılayırıq. Hakimlərimiz bu işə yeni başlayıblar. Yeganə təcrübəli referimiz Əliyar Ağayevdir. Onu da 5 yerə bölüb, matçlara göndərə bilmərik (gülür). Bu mövsüm hakimlərdən çox, VAR-dan danışılacaq. Çalışmalıyıq ki, müsbət danışsınlar. Hazırkı mənzərə pis deyil. VAR hakimlik yox, futbol üçün gətirilib. Hər şeyə müdaxilə etsə, vaxt çox gedər. Hamının xoşbəxt olmasına çalışacağıq. Çempionat gərginləşdikcə, işimiz də çətinləşəcək".

Qeyd edək ki, Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında VAR-a daha təcrübəli hakimlərin təyin olunmasını istəyib.

Son xəbərlər

Orphus sistemi