Georgi Nikolov: "Qarabağ" daha 2 mərhələyədək irəliləyə bilər"

Georgi Nikolov: "Qarabağ" daha 2 mərhələyədək irəliləyə bilər" Gələn ildən "Şamaxı" adlanacaq Bakının "İnter" klubunun (hazırkı "Keşlə") bolqarıstanlı sabiq prezidenti Georgi Nikolovun "Report"a müsahibəsi
Futbol
1660
13 Noyabr , 2021 14:18
Georgi Nikolov: Qarabağ daha 2 mərhələyədək irəliləyə bilər

Gələn ildən "Şamaxı" adlanacaq Bakının "İnter" klubunun (hazırkı "Keşlə") bolqarıstanlı sabiq prezidenti Georgi Nikolovun "Report"a müsahibəsi

- "Keşlə"nin çıxışlarını izləyirsiniz?
- Xeyr, "Keşlə" məni maraqlandırmır. Mənim klubum "İnter"dir, o da 2017-ci ilin oktyabrında ölüb. O vaxtdan izlədiyim klub yoxdur.

- Amma gələn ildən bu klub adını yenidən dəyişərək, "Şamaxı" adlanacaq və rayona köçəcək...
- Bəli, bu xəbəri oxumuşam. Bilmirəm nə deyim. "İnter"in adını dəyişərək, Şamaxıya köçürsəydilər, xəbəri ağır qarşılayardım. Amma "Keşlə" ilə bağlı belə bir xəbərin mənim üçün əhəmiyyəti yoxdur.

- Azərbaycan Premyer Liqasındakı 8 klubdan 6-nın Bakıda məskunlaşması birmənalı qarşılanmır. Bu baxımdan, paytaxt təmsilçisinin regiona köçməsinə münasibətiniz necədir?
- Azərbaycanda 10 il yaşamışam, Şamaxının tarixini çox yaxşı bilirəm. Səhv etmirəmsə, 1990-cı illərdə orada "Şirvan" adlı komanda olub. Məhz həmin klubu sıfırdan başlayaraq, bərpası və inkişaf etdirilməsi lazım idi. Kobud desək, "Keşlə", "Səbail" kimi komandaları süni formada regionlara köçürmək heç bir yaxşı nəticə verməyəcək. Ondansa "Şirvan"ı bərpa edin. Şamaxıda stadion tikmisiniz, indi orada uşaq futbol məktəbi qurmağa başlayın. Qoy, komanda oynamağa I Diviziondan başlasın, Premyer Liqaya vəsiqə qazansın. "Keşlə"nin Şamaxıya köçürülməsi sünilikdir.

- Belə çıxır ki, elə sizin klub prezidentliyiniz dövründə "İnter"in qazandığı ikiqat ölkə çempionluğu, "Birlik Kuboku", sonradan "Keşklə"nin əldə etdiyi ikiqat ölkə kuboku titulları da bundan sonra "Şamaxı"nın önündə yazılacaq. Hələ gümüş və bürünc medallar da var...
- (gülür - red.) Yəqin ki, belə də olacaq. "Şamaxı" ikiqat Azərbaycan çempionu və ölkə kubokunun qalibi, MDB çempionu olacaq. Amma mən sizə bir daha deyirəm: Mənim klubum "İnter" 2017-ci ilin oktyabrında ölüb. Bununla da klubun bütün nailiyyətləri onun tarixinə köçüb. "Keşlə" isə tam yeni klubdur, 2 dəfə Azərbaycan Kubokunu əldə edib. "Şamaxı"ya məhz bu titullar köçməlidir. "İnter" isə tarixə köçüb, onu dəfn ediblər, artıq mövcud deyil.

- Azərbaycan milli komandasının dünya çempionatının seçmə oyununda Lüksemburq yığmasına məğlubiyyəti barədə fikirləriniz necədir?
- Lüksemburqa noyabrın 11-də 1:3 hesabı ilə uduzdunuz. Artıq özümün məşhur ifadəmdən yararlanıram: Artıq bu lüksemburqlulara abunəçi olmusunuz (gülür - red.). Onları məğlub etmək vaxtıdır.

- Sizcə, belə bir məğlubiyyət nə ilə əlaqədardır?
- Sadəcə, acınacaqlıdır. UEFA Millətlər Liqasındakı məğlubiyyəti də nəzərə alsaq, səhv etmirəmsə, Lüksemburqa üçüncü dəfədir yenilirsiniz. Çox güman ki, onlar sizdən güclüdürlər. Başqa cür aydınlıq gətirə bilmərəm.

- Düşünmürsünüzmü ki, Lüksemburq güclənməyib, Azərbaycan millisi zəifləyib?
- Açığı, sizin futbolunuzdan bir qədər uzaqdayam. Amma bilirəm ki, Premyer Liqanızda cəmi 8 komanda qalıb. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, rəqabət zəifləyib.

- Bəs məsələyə qlobal yanaşaraq, ötən seçmə tsikldə də 1 xal toplanıldığını nəzərə alsanız, əsas səbəbkarın kim olduğunu deyə bilərsiniz?
- Milli komanda bütövlükdə futbolun inkişaf göstəricisidir. Bu, təkcə Azərbaycanda deyil, Bolqarıstan və Almaniyada da belədir. Qlobal yanaşsaq, futbol necə inkişaf edirsə, yığma da o cür çıxış edir. Haradasa axsama olsa, milli komanda da yaxşı nəticələr göstərə bilməz. Sadə bir misala diqqət yetirin: Hazırda sizin yüksək liqada 8 klub var. Hər bir klubda 20-25 futbolçu varsa, bu, ümumilikdə maksimum 200 oyunçu deməkdir. Yəni, hazırda Azərbaycanda 200 yüksək səviyyəli futbolçu çıxış edir. Yəqin ki, onların yarısı legionerdir. Yəni, baş məşqçi Canni De Byazi cəmi 100 azərbaycanlı futbolçuya ümid edə bilər. Bu isə çox azdır.

- Amma De Byazinin özü ümumilikdə 40 futbolçu arasından seçim etdiyini bildirir...
- Görürsünüz, hətta daha azdır. Mən dediyimdən 2,5 dəfə az. De Byazi bu baxımdan, çox məhdud seçim imkanına malikdir. Bundan isə yığma əziyyət çəkir. Açığı, nə məsləhət verəcəyimi bilmirəm və əslində, məsləhətlərim də heç kimə lazım deyil. Futbol öz yerində addımlayırsa, yığmadan xüsusi nəticələr gözləməyin.

Canni De Byazi
Canni De Byazi

- Burada AFFA-nın günahı nə ola bilər?
- Bilmirəm. Milli assosisasiya nədə günahkar ola bilər?! Klublar öz yolları ilə inkişaf etməli, öz kadrlarını yetişdirməlidirlər. Ola bilsin, AFFA-nın da hansısa düzgün olmayan addımları var. Amma klublar uşaq komandalarından əsas kollektivdəki futbolçularadək hamını ortaya çıxarmalıdır. Bu baxımdan, AFFA-nın hansısa günahının olduğunu deyə bilmərəm. Yığmanın zəif inkişafında klublar günahkardır.

- Futbol sahəsinə qayıtmaq fikriniz var?
- Artıq 5-6 ildir ki, futboldan, idmandan uzağam. Görürəm ki, bu cür də yaşamaq mümkündür. Hazırda tam fərqli istiqamətlərdə çalışıram. Sakit yaşayıram. Sıravi azarkeş kimi sevimli komandam "MOİK-Sofiya"nın, Bolqarıstan yığmasının çıxışlarını izləyirəm. Əlbəttə, Azərbaycan milli komandasının necə çıxış etməsinə nəzər yetirir, "Qarabağ" klubunun avrokuboklardakı nailiyyətlərinə sevinirəm. Bunlar mənə bəs edir.

- Yeri gəlmişkən, "Qarabağ" klubunun UEFA Konfrans Liqasında hansı mərhələyədək irəliləyəcəyini düşünürsünüz?
- Əla çıxış edirlər. Afərin, təbrik edirəm! Hesab edirəm ki, Azərbaycan futbolunun hazırkı durumuna baxanda hamınız narazısınız. Amma "Qarabağ" çox yaxşı nailiyyətlər əldə edir. Artıq qrupda birinci yerdə gedir, ən azı pley-offa vəsiqəni təmin edib. Fikrimcə, daha 2 mərhələ də irəliləmək olar. Bu, püşk nəticəsində hansı rəqibin düşəcəyindən də asılıdır.

- "Qarabağ" qrup qalibi olsa, birbaşa 1/8 finala yüksələcək...
- Məncə, elə birinci pillədə də qalacaq. Çünki çox yaxşı aktivi, xal ehtiyatı var. İstənilən halda, "Qarabağ"ın 1/8 finala yüksələcəyini və yaxşı oyun, yaxşı nəticə göstərəcəyini düşünürəm. Bu, mənim proqnozumdur.

- Bəs 1/4 finala vəsiqə şanslarını necə dəyərləndirirsiniz?
- Mən "Qarabağ"a "8-liy"ə düşməyi arzulayıram. Sonrasını isə zaman göstərər. "Qarabağ"a uğurlar arzulayıram. Milli komandanın nəticələrinə görə isə məyus olmayın, nə vaxtsa uğurla çıxış edəcəklər. Görünür, hazırda "boz zolaq"dadırlar. Gec-tez hər şey yaxşı olacaq.

Son xəbərlər

Orphus sistemi