Yuri Vernidub "Şerif"ə gedənədək Azərbaycanın iki klubu ilə danışıqlar aparıb

Yuri Vernidub "Şerif"ə gedənədək Azərbaycanın iki klubu ilə danışıqlar aparıb Səbuhi Səfiyarlı: "Bu gün çempionatımızda 21 yaşlı futbolçu ilə bağlı limit var. Güya ona görə edirik ki, U-21 millisinə oyunçu hazırlansın. Hanı, hardadır? Avstriyaya 1:6 hesabı ilə uduzuruq"
Futbol
386
29 Sentyabr , 2021 13:08
Yuri Vernidub Şerifə gedənədək Azərbaycanın iki klubu ilə danışıqlar aparıb
Yuri Vernidub

"Yuri Vernidubla tanışlığımız "Qəbələ"də çıxış etmiş oğlu Vitali Vernidubla bağlıdır. Həmin vaxt o, ölkəsi Ukraynada "Zarya"nın baş məşqçisi idi və komandanı ardıcıl iki mövsüm Avropa Liqasının qrup mərhələsinə yüksəltmişdi".

Bu fikirləri "Report"a açıqlamasında futbol agenti Səbuhi Səfiyarlı Çempionlar Liqasının qrup mərhələsinin II turunda İspaniyada "Real Madrid"ə qalib gələn Moldova "Şerif"inin baş məşqçisi Yuri Vernidubla bağlı danışarkən deyib.

O, 55 yaşlı mütəxəssisin Ukrayna təmsilçisində də yaxşı kollektiv formalaşdırdığını bildirib: "Zarya"nın qapıçısı Andrey Lunin həmin dönəmdə "Real Madrid"ə transfer olundu, dünən də ehtiyat oyunçular skamyasında əyləşmişdi. O vaxtdan Yuri Vernidubun işi mənə maraqlı gəlirdi. Həttə Qəbələyə ailəsi ilə birlikdə oğlunun yanına da gəlmişdi. Həmin vaxt tanış olduq, səmimi və yaxşı kişidir (gülür - red.). Münasibətimiz alındı və bu günədək əlaqədəyik".

Səfiyarlı "Şerif"in I turda Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna qalib gəlməsindən sonra baş məşqçi ilə danışdığını xatırladıb: "Real Madrid"ə qalib gələcəklərini gözlədiyimi desəm, yalan olar. Amma özü ilə danışanda da demişdim ki, qrup çox çətindir. İtaliya "İnter"i ilə "Real Madrid"in əvəzinə orta səviyyəli kollektiv olsaydı, nə isə etmək olardı. Özü də belə fikirləşirdi ki, qrupda bir qədər ortabab komandalar olsa, nəticəyə oynamaq olar. Amma hər halda bəlkə də mənə elə deyib. Mənə deyəsi deyil ki, "Real Madrid"ə qalib gələcəyəm".

Futbol agentinin fikrincə, sosial şəbəkələrdə müxtəlif fikirlər olsa da, əvvəlki oyunlar "Real Madrid" üzərində qələbənin gözlənilən olduğunu göstərir: "Şerif" I təsnifat mərhələsindən başlayıb və səhv etmirəmsə, cəmi bir məğlubiyyəti var. Serbiyanın "Srvena Zvezda" və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu təsadüfən keçmək olmaz. Təsadüf bir oyunda olar. İki oyunda da lazımi nəticəni qazana bilirlərsə, deməli, burada təsadüf yoxdur. "Şaxtyor"la matçda da öz oyunlarını göstərdilər. "Real Madrid"dən isə xal alacaqlarını heç gözləmirdim. Yuri Vernidub oyundan əvvəl demişdi ki, rəqibə, oyunçularına hörmət edirik, amma qorxmuruq. Öz futbolçulari ilə söhbətində söyləyib ki, qorxmağın heç mənası yoxdur. Deməli, komandanı düzgün motivasiya edə bilib".

"Qəbələ" klubunun sabiq meneceri Yuri Vernidubun "Real Madrid"ə qarşı moldovalı oyunçuları meydana buraxmamasına da münasibət bildirib: "Bu ölkədə legioner limitinin necə olduğunu bilmirəm. Bəlkə də limit var. Avrokubok matçında meydana 11 əcnəbi futbolçu buraxa bilərsən. Dünən "Şerif"də həm start heyətdəki 11, həm də sonradan meydana çıxan 3 oyunçunun hamısı əcnəbi idi. Biz kiçik büdcəli Moldova çempionundan danışırıq. Moldovalı oyunçuların potensialını da bilirik. Çoxlu güclü futbolçuları da yoxdur. Amma "Real Madrid"ə baxaq, əvəzetmələr də daxil olmaqla, heyətdə cəmi 2 ispaniyalı oyunçusu var idi. Bu, "Şerif"də moldovalı oyunçunun olmamasından daha pis nəticədir. Limitlə bağlı isə ayrı danışmaq olar. Limitin ləğv olunması və ya artırılması çıxış yolu deyil. Biz Azərbaycanda 15 il ərzində bütün variantları etmişik. Amma heç birinin təsiri olmayıb. Bu gün çempionatımızda 21 yaşlı futbolçu ilə bağlı limit var. Güya ona görə edirik ki, U-21 millisinə oyunçu hazırlansın. Hanı, hardadır? Avstriyaya 1:6 hesabı ilə uduzuruq".

Səfiyarlı Yuri Vernidubun 2019-cu ildə "Sabah" klubuna baş məşqçi kimi təklif olunduğunu dönəmi də xatırlayıb: "Həmin vaxt "Sabah" baş məşqçi axtarırdı. Mənim isə Yuri Vernidubla münasibətim var idi. O, Qazaxıstandan 1-2 təklif almışdı. Hətta "Astana" da təklif göndərmişdi. Amma bu ölkənin çempionatına getmək istəmirdi, ona maraqlı gəlmirdi. Mən də "Sabah"ı təklif etdim ki, maraqlı gələrmi? Bakıya dəvət etdik. Razılaşmanın nəyə görə alınmadığını deyə bilmərəm. Bu, klubun verdiyi qərardır, mən qarışa bilmərəm. Həmin vaxt 4 gün Bakıda qalmışdı. Bildiyimə görə, daha sonra klublarımızdan hansısa bu baş məşqçi ilə əlaqə saxlayıb. Həmin danışıqlarda mənim iştirakım olmayıb. Özü də mənimlə söhbətində klubun adını demək istəmədi, mən də israr etmədim".

O, təcrübəli baş məşqçinin Azərbaycanda işləmək perspektivindən də söz açıb: "İşləyə bilər. Çox göylə gedən adam deyil. Onun üçün layihənin özü daha çox maraqlıdır. Çox uyğun maaşa da gələr. Amma hazırda "Şerif"dən ayrılması çətin görünür. Ən azı ona görə ki, yayadək müqaviləsi var".

Son xəbərlər

Orphus sistemi